Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərekspresspoçt” RM növbəti dəfə ÜPİ-nin “Qızıl sertifikat”ına layiq görülüb


Azərbaycanda sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” rabitə müəssisəsi növbəti dəfə Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Qızıl sertifikat”ına layiq görülüb. Bu barədə Ümumdünya Poçt İttifaqının rəhbəri Eduar Dayandan “Azərpoçt” MMC-nin baş direktoru Qənbər Bəybalayevə təbrik məktubu göndərib.

 Hər il “ÜPİ EMS” Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın “EMS” operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. İlin yekunlarına görə, nəticələr elan edilir və sertifikatlar təqdim olunur.

Azərbaycanın “EMS” operatoru son illərin nailiyyətlərini təkrarlayaraq növbəti dəfə “Qızıl sertifikat”la mükafatlandırılıb. Mükafatlandırma mərasimi “ÜPİ EMS” Kooperativlər İttifaqının Qətərin paytaxtı Doha şəhərində oktyabr ayında keçirilən toplantısında Azərbaycana təqdim olunacaq.



RƏVAN





07/06/12    Çap et