Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu “4G” texnologiyalarının tətbiqi ilə qurulur


Hazırda tikintisi başa çatmaqda olan  Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda innovativ və müasir texnologiyalar, eləcə də ətraf mühitin mühafizəsi üçün çoxpilləli filtr sistemi istifadə olunacaq.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib. ASC-dən bildirilib ki, zavod illik 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 milyon kvt/s enerji istehsal edəcək ki, bu da 50 ailənin enerjiyə olan ehtiyacını təmin edəcək.

Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan zavodun 20 illik istismarı nəzərdə tutulur. Balaxanı bərk məişət tullantılarının yandırılması  zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. İstehsalat gücünə görə bu zavod şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur.

Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə tam cavab verəcək. Yanma məhsulu olan tüstü külü  xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirməyəcək.

Daha ağır və zərərsiz olan dib külü yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə oluna bilər.  Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək.

Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçiriləcək və nəzarətdə saxlanılacaq. Zavodun inşasına başlamazdan əvvəl, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi hazırlanmış və müxtəlif ictimai müzakirələrə təqdim edilib.    
   
Qeyd edək ki, zavodun tikilməsi respublika prezidentinin 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində qərara alınıb.

Podratçı şirkətin seçilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən açıq tender keçirilib və tenderin qalibi Fransanın “Constructions Industrielles de la Méditerranée S.A.” (“CNİM” S.A.)  şirkəti ilə danışıqların yekunu olaraq 2008-ci il 15 dekabr tarixində “Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Zavodun layihələndirilməsi, tikintisi və istismarı bütünlüklə “CNİM” S.A tərəfindən həyata keçirilir.

Belə ki, Fransanın “CNIM” S.A. şirkəti bu sahədə dünyanın ən öncül və aparıcı şirkətlərindən biridir. 50 illik təcrübəyə malik “CNİM S.A” şirkəti dünyanın bir çox ölkələrində, xüsusilə də Avropada 120-dən çox bu tipli zavodların inşasını həyata keçirmişdir. Şirkətin bu tipli zavodların layihələndiricisi və əsas podratçısı kimi böyük təcrübəsi var. 
 
Həqiqət İSABALAYEVA





08/06/12    Çap et