Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya və rabitə sahəsində əmək haqqı artıb
2012-ci il aprel ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1378,9 min nəfər olub və onların 854,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 524,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
"İCTnews" elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, muzdla işləyənlərin 24,3 faizi təhsildə, 19,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9 faizi informasiya və rabitə sahəsində və 14,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Cari ilin aprel ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 379,9 manat təşkil etmiş, yanvar-aprel aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 379,1 manat olub.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.
CAHANGİR
08/06/12 Çap et