Mərkəzi Qida Sınaq Laboratoriyası müasir texnologiya əsasında qurulur
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğun olaraq ən müasir texnologiyalar əsasında qurulması istiqamətində tədbirlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Latviyanın Qida Təhlükəsizliyi, Heyvanların Sağlamlığı və Ətraf Mühit üzrə Elmi İnstitutu (BIOR) ilə bağlanmış müqaviləyə əsasən, Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO/İEC 17025:2005 standartı üzrə sertifikatlaşdırılması nəzərdə tutulub.
Bununla əlaqədar olaraq, Mərkəzi Qida Sınaq Laboratoriyasında menecment sisteminin qurulması və akkreditasiya ilə bağlı müvafiq tədbirlər görülüb, habelə İngiltərənin “FAPAS” və İsveçrənin “LYUDMESTER” şirkətləri ilə əməkdaşlıq edilərək müqayisəli sınaqlar həyata keçirilib.
Görülmüş işlərin nəticəsi olaraq, laboratoriya Latviya Milli Akkreditasiya Bürosunun LATAK-T-449-00-2012 saylı, 16 aprel 2012-ci il tarixli şəhadətnaməsi ilə 15 aprel 2016-cı il tarixinədək İSO/İEC 17025:2005 standartı üzrə sertifikatlaşdırılıb.
İSO/İEC 17025:2005 standartının tələblərinə uyğun olaraq, laboratoriya ərzaq məhsullarında mikrobioloji və kimyəvi sınaqlar üzrə akkreditə edilib. Akkreditasiya sahəsinə ərzaq məhsullarında ağır metallardan qurğuşun və kadmium elementlərinin, pestisid qruplarının, koliform, stafilokok, salmonella, E.Coli, mikroorqanizmlərin ümumi miqdarı kimi parametrlərin, süd və süd məhsullarında isə quru maddələrin və yağlılığın təyin olunması daxil edilib.
Artıq laboratoriyaya daxil olan ərzaq məhsullarının nümunələri beynəlxalq standartların tələblərinə uyğun olaraq ən müasir texnologiyalarla müayinədən keçirilir.
RƏVAN