Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Neft Şirkətinin Elm Fondunun elan etdiyi müsabiqəyə texnika elmləri ilə bağlı 10 layihə təqdim edilib
Dövlət Neft Şirkətinin Elm Fondu müsabiqəyə təqdim olunmuş qrant layihələrinin ümumi siyahısını açıqlayıb. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Akademiyadan qeyd edilib ki, Elm Fondunun 2012-ci il üçün elan etdiyi müsabiqəyə təqdim edilən elmi-tədqiqat layihələrinin qəbulu mayın 31-də başa çatıb. Müsabiqəyə 4 elm sahəsi üzrə 58 layihə təqdim edilib. Bunlardan 17-si yer elmlərinə, 10-u texnika elmlərinə, 21-i ekologiyaya, 10-u isə kimya elmlərinə aiddir.
Qeyd edək ki, müsabiqə Azərbaycanda təbiət və texniki elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri və digər elmi tədbirlərin dəstəklənməsi, akademik sistemdə fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin elmi fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanları yaradılması məqsədi daşıyır. Yer elmləri, texniki elmlər, kimya elmləri, ekologiya sahələri üzrə aparılan müsabiqədə müvafiq prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcək.
Bu istiqamətlərə neftqazçıxarmada riyazi modelləşdirmə, diaqnostika, nəzarət və idarəetmə sistemləri, dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi, ənənəvi və qeyri-ənənəvi karbohidrogen yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin yeni texnologiyalarının və Azərbaycanın neft-qaz kompleksinin ehtiyat bazasının inkişaf proqnozu, quruda və dənizdə neft-qaz əməliyyatlarının keçirilməsi zamanı ətraf mühitin qorunması məsələləri daxildir.
HƏQİQƏT
09/06/12 Çap et