Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gəncədə bütün uşaqlara elektron sağlamlıq kartları verilir
Gəncədə yeni dünyaya göz açan körpələrə doğum şəhadətnaməsi ilə yanaşı, xüsusi sağlamlıq kartlarının verilməsi də uğurla həyata keçirilir . Gəncə şəhər səhiyyə idarəsinin baş pediatrı Yeganə Həsənovanın sözlərinə görə, elektron kartlarda körpənin dünyaya göz açdığı gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, aldığı müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa digər informasiyalar yer alacaq.
Y.Həsənova kartda olan informasiyaların iki hissəyə bölündüyünü qeyd edərək bildirib ki, birinci hissədə olan informasiyalar bütün həkimlər üçün açıq olacaq. Kartın xüsusi kodla şifrlənmiş hissəsində isə yalnız ixtisaslaşmış və sadəcə aidiyyəti olan həkimlər üçün oxunması mümkün olan xəstəliklər barədə məlumatlar yerləşdiriləcək (məsələn, SPİD və s.).
Baş pediatr Gəncədə fəaliyyət göstərən bütün xəstəxanalarda müasir kompyuter sisteminin quraşdırıldığını, internet və xüsusi şəbəkə, kommunikasiya xətləri ilə təmin olunduğunu əlavə edib.
“Artıq valideynlərə övladları ilə bərabər xəstəxana və poliklinikalara anketləri daşımağa ehtiyac yoxdur. Onlar özləri ilə sağlamlıq kartını götürməklə özləri haqqında bütün informasiyaları gətirmiş olurlar”, - deyə Həsənova əlavə edib.
Məlumat üçün bildirək ki, sağlamlıq elektron kartları Səhiyyə Nazirliyinin “Elektron Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılır.
RƏVAN
09/06/12 Çap et