Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN də daxil olmaqla, nazirliklər Azərbaycan tarixinin təbliği tədbirlərinə başlayırlar
Azərbaycanın tarixinin, milli-mədəni irsinin, tarixi şəxsiyyətlərinin təbliği, gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi məqsədilə iyunun 28-də “Bu Vətən bizimdir” adlı telelayihənin (tok-şou) keçirilməsi nəzərdə tutulub. Bu tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq həyata keçirilir.
“İCTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması üçün Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların təşkili sözügedən proqramda əsas istiqamətlərdəndir.
2015-ci ilə qədər davam edən bu tədbir Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb. Proqram çərçivəsində qeydolunan istiqamətdə növbəti tədbirlərin də həyata keçirilməsi planlaşdırılır.
Belə ki, 19 iyun 2012-ci il tarixdə Quba, 20 iyun 2012-ci il tarixdə Qəbələ, 27 iyun 2012-ci il tarixdə Yardımlı və 28 iyun 2012-ci il tarixdə Lerik rayonlarında “Azərbaycan - Vətənim mənim” adlı təşviqat kampaniyalarının keçirilməsi nəzərdə tutulub. Kampaniyaların keçirilməsində də məqsəd gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində əlaqədar dövlət orqanlarının işinin daha da canlandırılması və bu istiqamətdə gənclərin fəallığının artırılmasından ibarətdir.
Nazirlikdən qeyd edilib ki, proqramla təşkili nəzərdə tutulan digər tədbirlər ordu sıralarında aparılacaq. Belə ki, ordu sıralarında xidmət edən gənclərin mənəvi-psixoloji durumunun daha da yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədilə 25 iyun 2012-ci il tarixdə “Əsgər bayramı” keçiriləcək.
HƏQİQƏT
11/06/12 Çap et