Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron elmin informasiya təminatının formalaşdırılması məsələlərinə həsr olunmuş seminar keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm” layihəsi çərçivəsində e-elmin informasiya təminatının formalaşdırılması məsələlərinə həsr olunmuş seminar keçirilib.
 
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ölkə başçısının imzaladığı elmin inkişafı üzrə Milli strategiyadan irəli gələn məsələlərin AMEA-nın institut və təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.
 
O bildirib ki, elmi qurumlarda idarəetmənin və aparılan elmi tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək, istiqamətləndirmək, ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması aktual məsələ kimi qarşıda durur. AMEA-da bu istiqamətdə həyata keçirilən layihələrdən biri də “e-elm”dir. Ölkədə formalaşdırılan e-hökumətin tərkib hissəsi olan e-elmin əsas məqsədi qeyd olunmuş məsələnin həllinə yönəlib. Layihə üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif işlər görülür. Onlardan biri də müasir texnologiyalar əsasında elmin informasiya təminatının yaradılması, inkişaf etdirilməsi və idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyin təmin olunmasıdır. Müzakirə olunan elmi problemlər reyestri sistemi elmi tədqiqatların təşkilində, əlaqələndirilməsində, qiymətləndirilməsində, həmçinin problem şuralarının fəaliyyətində müstəsna rol oynayacaq.
 
“Elmi Problemlər Reyestri” (EPR) sisteminin yaradılması konsepsiyası haqqında təqdimatla çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev sistemin məqsədi, vəzifələri ilə bağlı geniş məlumat verib. O bildirib ki, müasir İKT digər sahələrdə olduğu kimi, elmi fəaliyyət, onun təşkili və idarə olunması məsələləri üçün də geniş imkanlar açır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu məqsədlə layihələndirilmiş EPR analitik-informasiya sistemində nəzərdə tutulmuş elmmetrik analitik təhlillərin nəticələri elmin yeni üslubda idarə edilməsinə imkan yaradacaq. Sistemin məqsədi respublikanın elmi qurumlarının elmi istiqamətləri, problemləri, elmi fəaliyyəti haqqında informasiyaların toplanması, sistemləşdirilməsi və həmin informasiyaların təhlili əsasında elmin təşkili və idarə olunması məsələlərində qərarların qəbul edilməsinə dəstəkdir.
 
T.Fətəliyev bildirdi ki, EPR vahid metodoloji və proqram-texniki prinsiplər əsasında qurulur. Sistem konstruktiv olaraq müvafiq məsələləri əhatə edən bloklardan təşkil olunub. Həmin bloklar normativ-hüquqi sənədlər, RETTƏŞ (Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası), respublikada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri və problemləri, elmin istiqamətləri üzrə PŞ (Problem Şuraları), elmi təşkilatlar və onların fəaliyyəti haqqında informasiyaları özündə cəmləşdirir. Elmi təşkilatların fəaliyyət istiqamətləri və problemləri, planlar, tədqiqat işlərinin maliyə dəstəyi, illik hesabatlar və alınmış nəticələr, planlaşdırılmış və müdafiə olunmuş dissertasiya işləri və s. haqqında informasiyalar EPR-in müvafiq alt bazalarında yerləşdirilir.
 
Elmi təşkilatlar tərəfindən aparılan araşdırmaların effektivliyinin, ölkənin iqtisadi inkişafı üçün strateji əhəmiyyətinin, elmin prioritet istiqamətləri üzrə dövlət dəstəyinin dərəcəsinin, elmə istiqamətlənmiş büdcə vəsaitlərinin istifadəsinin effektivliyinin qiymətləndirilməsi mexanizmləri nəzərdə tutulur. Reyestrin idarə olunması strategiyası verilənlərin mühafizəsini, vahid verilənlər bazasına müraciətin konfidensiallığını nəzərdə tutur.
 
T.Fətəliyev, həmçinin “Açıq elmi resurslar: yaradılma mexanizmləri və vasitələri” haqqında da maraqlı açıqlamalar verib. Sistemin məqsədinin elmi tədqiqatların nəticələrinə onlayn əlyetərliyi təmin etmək və beynəlxalq sistemlərə inteqrasiyanı təmin etməkdən ibarət olduğunu bildirdi. Elmi  tədqiqatların nəticələrinin sürətlə yayılması, beynəlxalq elmi aləmdə tanınması, elmi qurumlar və tədqiqatçılar arasında operativ elmi kommunikasiyanın təmin edilməsində sistemin əhəmiyyətli rol oynadığını vurğulayıb.
 
Mövzu ətrafında müzakirələrdə iştirak edən institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, institutun şöbə müdirləri t.e.d. Ramiz Alıquliyev, iqtisad üzrə fəlsəfə doktoru Əlövsət Əliyev və institutun sektor müdiri Məkrufə Hacırəhimova çıxış ediblər. Bildiriblər ki, EPR sistemi elmi problemlərin çeşidlənməsi, elmi tədqiqatların əlaqələndirilməsi, təkrarçılığın aşkarlanması və s. məsələlərin həllində də idarəetmə qərarlarının formalaşdırılması və qəbuluna dəstək verəcək, digər sistem isə elmi tədqiqatların nəticələrinin sürətlə yayılmasına imkan yaradacaq. 





11/06/12    Çap et