Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müasir texnologiyalar əsasında kağız tullantılar təkrar emal olunacaq
Kağız gündəlik həyatımızda ən çox istifadə etdiyimiz əmtəə məhsullarından biridir. Statistika göstərir ki, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərimizə qənaət deməkdir.
Məhz bu səbəbdən, “Azərsun Holdinq” MMC Kağızın təkrar Emalı Kombinatını işə salır. Tikilməkdə olan kombinatda müasir texnologiyalara malik şirkətlərin avadanlıqları da quraşdırılmaqdadır.
Kombinatda qofra karton məhsulları, yazı kağızı və məişətdə istehsal olunan kağız məmulatları ilə yanaşı, bütün kağız növlərinin istehsalı planlaşdırılır. Kombinatda tullantı sularının təmizlənməsi və təkrar istifadəsi də həyata keçiriləcək.
“İCTnews” elektron xəbər xidmətinə bu barədə “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib. ASC-dən bildirilib ki, kombinatın xammal ilə təchizatına “Təmiz Şəhər” ASC, İDEA Beynəlxalq Kompaniyası və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi də fəal şəkildə qoşulacaq. Belə ki, bu günlərdə “Azərsun Holdinq” MMC, “Təmiz Şəhər” ASC, İDEA Ətraf Mühit Kompaniyası və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin iştirakı ilə ictimaiyyət və mətbuatla görüş keçirilib. Görüşdə bu əməkdaşlığın digər şirkət və müəssisələrə nümunə ola biləcəyi vurğulanıb.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov öz çıxışında qeyd edib ki, məhz birgə səylər sayəsində təbii sərvətlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək mümkündür. “Vətəndaş Cəmiyyətində Debat” İçtimai Birliyinin sədri Şahin Seyidzadə görüşdə ətraf mühitin qorunmasında gənclərin rolunu xüsusi vurğulayıb.
Onu da qeyd etmək lazımdır ki, “Təmiz Şəhər” ASC və “Azərsun Holdinq” MMC arasında imzalanmış müqaviləyə əsasən, Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi poliqonunda yığılan bütün kağız tullantıları yenidən emal üçün il ərzində Kağızın təkrar Emalı Kombinatına təhvil veriləcək.
HƏQIQƏT
11/06/12 Çap et