Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron qaydada qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı artıb
Bu ilin yanvar-may aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 32 min 256, 2011-ci ilin iyul ayının 1-dən cari ilin iyun ayının 1-dək elektron qaydada qeydiyyata alınmış fiziki şəxslərin sayı 30 min 82 olub.
1 iyun 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 447 min 349 olub. 2012-ci ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,8 faiz təşkil edib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib.
Məlumatda o da qeyd olunur ki, sözügedən dövr ərzində VN tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 577 milyon 132,5 min manat təşkil edib. Vergi daxilolmalarının 41,3 faizi mənfəət vergisinin, 22,9 faizi əlavə dəyər vergisinin, 11,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 6,9 faizi aksizlərin, 17 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə 1 milyard 354 milyon 256 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur.
SEYMUR
11/06/12 Çap et