Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmar Məmmədyarov Niderlandın İT şirkətlərini Azərbaycana dəvət edib


Niderland Krallığında rəsmi səfərdə olan Xarici işlər naziri Elmar Məmmədyarov krallığın baş nazirinin  müavini, eyni zamanda İqtisadi Məsələlər, Kənd təsərrüfatı və innovasiya naziri cənab Maksim Verhagenlə görüşüb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyinin ( XİN)  mətbuat xidmətindən məlumat verilib.

Ölkəmiz haqqında ümumi məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın regional layihələrin aktiv iştirakçısına çevrildiyini və dinamik inkişafına görə regionun lider dövləti olduğunu bildirib. Nazir iki ölkə arasında enerji, qeyri-neft sektoru, alternativ və bərpa olunan enerji, fövqəladə halların, xüsusən də daşqınlar və təbii fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın inkişafının vacibliyini deyib.

Həmçinin, ölkəsinin kənd təsərrüfatı, innovasiya texnologiyalarının tətbiqi, nəqliyyat infrastrukturunun təkmilləşməsi, su idarəçiliyi, kanal təsərrüfatı və digər sahələrdə əməkdaşlığa böyük önəm verdiyini deyən nazir Məmmədyarov Niderland şirkətlərini bu sahədə işbirliyinə çağırıb.

E.Məmmədyarov fürsətdən istifadə edərək cənab Maksim Verhageni Azərbaycana işgüzar səfərə dəvət edib və səfər çərçivəsində Azərbaycan və Niderlandın işgüzar dairələri arasında biznes forumun təşkil olunması təklifini irəli sürüb. 

Dəvəti böyük məmnuniyyətlə qəbul edən Maksim Verhagen Azərbaycana xüsusi rəğbətlə yanaşdığını, ölkənin dinamik inkişafından təəssüratlandığını bildirib. Verhagen beynəlxalq aləmdə Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini, Niderlandın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirərək, gələcəkdə qeyd olunan sahələrdə əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.

Nazir E.Məmmədyarovun Niderland Krallığına səfərinin ölkələr arasındakı əməkdaşlığın inkişafına təkan verəcəyinə, əlaqələrin daha da sürətlənəcəyinə ümid etdiyini bildirən M.Verhagen Azərbaycana səfəri çərçivəsində biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına töhfə verəcəyini deyib. 

Görüşdə qarşılıqlı şəkildə səfirliklərin fəaliyyətinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi ifadə olunub.

SEYMUR
 





12/06/12    Çap et