Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Luici Frati: “Rəsmi saziş olarsa, azərbaycanlılar İtaliyaya gəlmədən internet vasitəsi ilə təhsil ala bilərlər”


Əgər rəsmi saziş mövcud olarsa, azərbaycanlı gənclər İtaliyaya gəlmədən də internet vasitəsi ilə təhsil ala, eyni zamanda doktorluq dərəcəsi və ixtisasartırma üzrə italiyalı həmkarları ilə birgə elmi araşdırmalar apara bilərlər. Bu fikri Avropanın ən qədim və ən böyük ali təhsil ocaqlarından biri olan La Sapienza Universitetinin rektoru Luici Frati Azərbaycanın Təhsil naziri Misir Mərdanovla görüşündə bildirib.

"İCTnews" elektron xəbər xidmətinə Təhsil Nazirliyindən bildirilib ki, iyunun 1-dən 8-dək Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olub və səfər çərçivəsində nümayəndə heyətinin 140 min tələbəsi olan La Sapienza Universitetinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə ötən ilin oktyabrında Azərbaycan universitetləri ilə tanışlıq məqsədi ilə La Sapienza  Universitetindən Bakıya gəlmiş nümayəndə heyətinin üzvləri də iştirak edib.

La Sapienza Universitetinin rektoru Luici Frati rəhbərlik etdiyi universitetdə biotexnologiya, baytarlıq, kimya, nanotexnologiya, arxeologiya, iqtisadiyyat və hüquq sahələrinə geniş yer verildiyini deyib. Rektor hazırda Rusiya və Cənubi Koreyada vətəndaşlıq hüququ mövzusunda geniş elmi araşdırmaların aparıldığını bildirib.

Universitetdə iqtisadiyyatın idarəolunmasının daha çox diqqət mərkəzində saxlanıldığını qeyd edib. Daha sonra Luici Frati Azərbaycan universitetləri ilə əməkdaşlıq sazişinin imzalanmasının ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli olacağını nəzərə çatdırıb. Cari ildən başlayaraq xarici ölkələrdən gələn tələbələrin sayını artırmaq məqsədilə La Sapienza Universitetinin tibb və iqtisadiyyat fakültələrində ingilis dilində bölmənin fəaliyyət göstərəcəyi barədə məlumat verən universitet rəhbəri qeyd olunan iki fakültədə Azərbaycandan olan tələbələrin də təhsil almasından məmnun olacağını bildirib.

Məsafədən (distant) təhsil məsələsinə də toxunan rektor universitetdə hazırda 4000 tədqiqatçının doktorluq dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə çatdırılıb. M. Mərdanov təhsil sahəsində mövcud olan potensialdan tərəflərin hələ tam şəkildə istifadə edə bilmədiyini və hazırkı şəraitdə bunun üçün geniş imkanların olduğunu söyləyib. Nazir Azərbaycan Tibb Universiteti ilə İtaliyanın Genuya Universiteti arasında Avropa İttifaqının Tempus, Erasmus-Mundus və digər proqramları üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və müvafiq çərçivədə yeni sahələr üzrə birgə proqramların davam etdirildiyi barədə məlumat verib.

Təhsil naziri, həmçinin Azərbaycanın 3 universiteti ilə əməkdaşlıq müqavilələrinin artıq imzalandığını və yaxın müddətdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə əlaqələrin rəsmiləşdirilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib. Azərbaycan Dillər Universitetində İtalyanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini italiyalı rektorun diqqətinə çatdıran təhsil naziri Azərbaycanda italyan dilinə və mədəniyyətinə marağın olduğunu söyləyib.

Misir Mərdanov İtaliyaya səfərdən öncə bu ölkənin Azərbaycandakı səfiri ilə görüşdüyünü və yaxın vaxtlarda İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir neçə Azərbaycan məktəbində bu dilin geniş tədris olunması üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Nümayəndə heyəti üzvlərinin təhsil sistemində idarəçilik üzrə qısamüddətli kurslar keçirilməsi təklifi də müzakirə edilib və La Sapienza Universitetinin rektoru tərəfindən əlaqədar şəxslərə əsas ixtisasların siyahısının tezliklə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilməsi tapşırığı verilib. Daha sonra iki ölkənin təhsil nazirləri arasında elm, təhsil, mədəniyyət və texnologiya üzrə 2005-ci ildəki sazişdə nəzərdə tutulan məsələlər (tələbə mübadiləsi, birgə elmi araşdırmalar, elmi konfrans və simpoziumların keçirilməsi və s.) ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə Florensiya Arxiv İnstitutu arasında qurulmuş əlaqələrin tənzimlənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İtaliya universitetləri arasında əlaqələrin yaradılması məsələləri müzakirə edilib.
 
Həqiqət İSABALAYEVA
 





12/06/12    Çap et