Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də «Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar» ətrafında müzakirələr keçirilib


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 18 İyun İnsan Hüquqları Günü ilə bağlı Ombudsman Aparatının nümayəndələrinin, eləcə də bir sıra dövlət qurumlarının hüquq şöbələrinin rəhbərlərinin iştirakı ilə «Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar» ətrafında müzakirələr keçirilib.

Tədbirdə geniş məruzə ilə çıxış edən RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov  bildirib ki, bu il Azərbaycanda insan hüquqları üzrə müvəkkillərin toplantısı keçiriləcək. Onun sözlərinə görə, sözügedən toplantının da mövzusu fovqəladə halda insan hüquqları məsələləri olacaq.

Fövqəladə vəziyyətin təbii fəlakətlərin, kütləvi ixtişaşın, bu va yə digər post-major hadisələrin nəticəsi ilə yarana bildiyini vurğulayan B.Məmmədov deyib ki, bu cür hallarda insan
hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq konvensiyalar da bir sıra məsələləri özündə ehtiva edir.

Onun sözlərinə görə, bəzi hallarda bu hüquqların təbii olaraq məhdudlaşdırılmasına ehtiyac yaranır: «Bu ehtiyacın da təmin olunması nizamlanmış formada, yəni müəyyən qaydalar formasında həyata keçirilməsi zərurəti var. Bununla əlaqədar 2005-ci ildə qəbul olunmuş «Telekommunikasiya haqqında» qanunda da xüsusi maddələr var ki, müstəsna hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlığını təmin etmək üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Ümumiyyətlə, fövqəladə hal vəziyyəti Azərbaycan Respublikası qanunvericiliyində ən yüksək səviyyədə, yəni konstitusiyada da nəzərdə tutulub. Konstitusiyanın 112-ci maddəsində bildirilir ki, təbii fəlakətlər, kütləvi ixtişaşlar və digər hallar zamanı Azərbaycan Respublikası Prezidenti “Fövqəladə vəziyyət” elan edə bilər və bu vəziyyətin təsdiq olunması ilə bağlı akt 24 saat müddətində Milli Məclisə (MM) təqdim edilməlidir. MM bu aktı təsdiq etdikdən sonra ölkənin bu və ya digər ərazisində fövqəladə vəziyyətin tətbiqi nəzərdə tutulur. Yəni artıq belə bir şəraitin yaranması müxtəlif dövlət orqanlarının birgə fəaliyyətini zəruri edir.

Çünki bu, artıq bir orqanın üzərinə düşəcək məsələ deyil. «Telekommunikasiya haqqında» qanunun tələblərindən irəli gələrək bir neçə normativ sənədlərin hazırlanması zərurəti yaranmışdı. Telekommunikasiya şəbəkələrinin istifadəsində üstünlük hüququna malik olan dövlət orqanlarının, yəni səlahiyyətli vəzifəli şəxslərin siyahısı müəyyənləşdirilib.

Siyahının hazırlanması ilə əlaqədar hansı dövlət orqanının və səlahiyyətli şəxsin hansı şəbəkələri saxlama, dayandırma və yaxud da üstünlük hüququna malik olması ilə əlaqədar xüsusi normativ akt, yəni Azərbaycan Respublikası Prezidentinin fərmanı hazırlanıb. Bu fərmana görə, Azərbaycan Respublikası Prezidentinə istənilən dövlət orqanlarının şəbəkələrini dayandırmaq səlahiyyəti verir.

Yəni istər Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, istərsə də Dövlət Sərhəd Xidmətinin telekommunikasiya şəbəkələrini, istərsə də ümumi istifadəli telekommunikasiya şəbəkələrinin fövqəladə vəziyyət şəraitindən irəli gələrək dayandırılmasına səlahiyyətli şəxs Azərbaycan Respublikasının prezidentidir».

İkinci üstün səlahiyyətli orqanın Nazirlər Kabineti olduğunu deyən B.Məmmədov əlavə edib ki, baş nazirin də səlahiyyəti müəyyənləşdirilir və o da ümumi istifadəli telekommunikasiya şəbəkəsinin dayandırılması ilə bağlı sərəncam verə bilər. Lakin xüsusi telekommunikasiya şəbəkələrinin dayandırılması ilə bağlı verəcəyi sərəncam Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmalıdır.

Bu sahədə növbəti səlahiyyətli dövlət orqanı isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Telekommunikasiya şəbəkələri və yaxud da telekommunikasiya fəaliyyətinin təşkili mülkiyyət formasından asılı olaraq müxtəlif çeşidlidir. Hazırda ölkədə mobil şəbəkə operatorları fəaliyyət göstərir ki, onlarda da dövlətin heç bir payı yoxdur.

Ona görə də fərmana müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları nazirinə  istənilən ümumistifadəli telekommunikasiya şəbəkəsinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi həvalə edilir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də üstünlük hüququna malikdir» - deyə B.Məmmədov fikrini tamamlayıb.

SEYMUR




12/06/12    Çap et