Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də Türkiyənin “Netaş” şirkəti ilə əməkdaşlıq müzakirə olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində  Türkiyənin "Netaş" şirkətinin rəhbərləri ilə görüş keçirilib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkəmizdə  informasiya və kommunikasiya texnologiyaları sahəsində (İKT) həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Türkiyə ilə  Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq  əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycanla Türkiyə həm də strateji tərəfdaşdır. İ.Məmmədov  bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.

Türkiyənin İT sahəsində fəaliyyət göstərən  şirkətlərin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə  aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə  xarici ölkə təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. "Netaş" şirkətinin Azərbaycanda rabitə sisteminin inkişafında özünəməxsus yeri olduğunu bildirən İltimas Məmmədov hələ 20 il öncə şirkətin Azərbaycanda ilk rəqəmsal avadanlıqlar, stansiyalar qurduğunu xatırladıb.

Artıq ölkəmizdə ən müasir yeni nəsil şəbəkə avadanlıqlarının tətbiq edildiyini söyləyən İ.Məmmədov bütün sahələr kimi, informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini bildirərək bu inkişafda "Netaş"ın yaxından iştirak edərək "Elektron hökumət" layihəsində öz töhfələrini verməsində heç bir problemin olmadığını söylədi. Eyni zamanda İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulması  və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb. 

Öz növbəsində  uzun müddət  sonra Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən  "Netaş" şirkətinin prezidenti Müjdet Altay bu müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqladığını bildirib. 20 il əvvəl Azərbaycanda ilk rəqəmsal avadanlıqları qurmaqla burada ilk addımların  atıldığını qeyd edən M.Altay yenidən əməkdaşlıq əlaqələrinin qurulmasından məmnun olduğunu vurğulayıb.  O, fasilədən sonra ilk xarici ölkə kimi yenidən Azərbaycana gəldiklərini bildirib.

İKT sektorunda həyata keçirilən işlərlə tanış olduqlarını bildirən qonaq sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi qeyd edib.  Azərbaycanda dövlət və özəl operatorlarla əməkdaşlıq etmək niyyətində olduqlarını  bəyan edib.  Sonra  "Netaş" şirkətinin vitse-prezidenti Ali Kuralkan  qısa zaman kəsiyində şirkətlərinin əldə etdiyi nailiyyətlərdən danışıb və  Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib.

Sonda tərəflər arasında yaxın vaxtlarda "Netaş" şirkətinin və Azərbaycanın dövlət rabitə operatorlarının nümayəndələrinin iştirakı ilə geniştərkibli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

RƏVAN





12/06/12    Çap et