Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-də “Elektron hökumət”lə bağlı növbəti toplantı keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 1-ci rübünün sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında elektron xidmətlərin göstərilməsinə dair tapşırıqların və "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrasının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı toplantı keçirilib. Toplantıda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının nümayəndələri də iştirak edib.

Toplantını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Elektron hökumət"in  formalaşdırılması üzrə aparılan işlərdən danışaraq Prezident İlham Əliyev cənabları tərəfindən 23.05.2011-ci il tarixində imzalanmış Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində işlərin yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.

 Nazir müavini  "Elektron hökumət"in vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların elektron xidmətlər göstərməsi, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətdə ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Toplantıda RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev və Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov  çıxış edərək həyata keçirilən işlər barədə geniş məlumat veriblər.  Çıxış edənlər Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 7 iyun 2011-ci il  Sərəncamı ilə müəyyənləşdirilmiş tədbirlər və bu tədbirlərin icrası barədə danışıblar.  Hazırda "Elektron hökumət" portalına qoşulan dövlət qurumlarının sayı 26-ya çatıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası, Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi,  Diasporlarla  İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Arxiv İdarəsi, Sənaye və Energetika Nazirliyi, TQDK,  və Xarici İşlər Nazirliyinə  portala qoşulma və elektron xidmətlərin göstərilməsi ilə bağlı işlərin sürətləndirilməsi tövsiyə olunmuşdur.  

Nazir müavini İ.Məmmədov toplantıya yekun vuraraq  həyata keçirilən layihənin əhəmiyyətini bir daha vurğulayıb və qaldırılan məsələlərin həllinin vacibliyini qeyd edib, bu istiqamətdə RİTN tərəfindən qurumlara hər cür köməkliyin göstəriləcəyini bildirib.

RƏVAN





13/06/12    Çap et