Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Metropoliteninin rəsmi internet saytı yeniləndi


Bakı Metropoliteninin rəsmi internet saytı (metro.gov.az) tam yenilənmiş formada, fərqli məzmun və formatda internet istifadəçilərinin ixtiyarına veriləcək. Metropolitenin tam yenilənmiş internet saytı onun tarixi keçmişini daha dolğun əks etdirəcək. Sayt hazırlanarkən ən müasir texnoloji standartların tətbiqi ilə milli kolorit və bu nəqliyyat növünün xarakterik xüsusiyyətləri nəzərə alınıb.

Saytın əhatə dairəsi ilə bağlı onu qeyd edək ki,  şəhərimizin əcnəbi qonaqlarının da maraqları unudulmayıb. Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində fəaliyyət göstərəcək sayt şəhərimizin qonaqlarına metropoliten haqqında dolğun informasiya çatdıracaq.

Saytda müasirlik verən “3D” effektləri və proqram funksionallığından geniş istifadə olunub. Ən uğurlu addımlardan biri kimi metropolitenin interaktiv internet xəritəsinin yaradılmasını da qeyd etmək olar. Gələcəkdə bu xəritə öz-özlüyündə ən geniş, çeşidli və çoxşaxəli bir layihəyə də çevriləcək.

Saytın müqəddiməsində metropolitenin böyük memarı ümummilli lider Heydər Əliyevə dərin minnətdarlıq hissi ilə həsr olunmuş banner-bölmə yer alır. Veb-səhifəni struktur, forma və məzmun etibarilə bir neçə hissəyə bölmək olar.

Müasir dizayn elementləri də əlavə olunmuş birinci hissə onun mahiyyət və məğzini əhatə edən bölmələrdən ibarətdir. Həm şaquli, həm də bəzi vacib bölmələrin üfüqi xətt boyunca yerləşdirilməsi sayt istifadəçilərinin maksimal rahatlığını təmin edir. Həmçinin bu sırada metropolitenin iş prinsipinin təməl daşıyıcısı olan stansiyaların xətlər üzrə istiqamət göstəricisi nişanları formasında təsvir olunub.

Hər bir stansiya göstəricisinə daxil olmaqla onun haqqında məlumat əldə etmək, qatar hərəkətinin istiqamətlərini öyrənmək olar. Bundan əlavə, stansiyaların yaxınlıqda yerləşən əsas coğrafi, ictimai-siyasi, sosial-mədəni obyektlərə çıxışı barədə də informasiya əldə etmək mümkündür.

Gediş haqqına həsr olunmuş bölmə isə onu müəyyənləşdirən normativ hüquqi aktlara, karta gediş yüklənməsi, onun dəyişdirilməsi, qaytarılması kimi informativ məzmunlu olmaqla yanaşı, tarixi baxımdan da istifadəçilərin marağına səbəb olacaq.

RƏVAN





13/06/12    Çap et