Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 aylıq iqtisadi və sosial inkişafın makroiqtisadi göstəriciləri açıqlandı
Dövlət Statistika Komitəsi 2012-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. “İCTnews” elektron xəbər xidməti bildirir ki, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2012-ci ilin ötən beş ayı ərzində 20.9 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.7 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib.
Ümumi Daxili Məhsulun 67.9 faizi məhsul istehsalı, 25.9 faizi xidmət sahələrində yaradılıb, 6.2 faizi isə məhsula və idxala xalis vergilər təşkil edib. Keçən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 10.5 faiz artıb, neft-qaz sektorunda isə 6.5 faiz azalıb.
Orta hesabla ölkənin hər bir sakininə düşən Ümumi Daxili Məhsulun həcmi 2281.5 manata və ya 2901.9 ABŞ dollarına çatıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8.8 faiz artıb, neft-qaz sektorunda isə 5.1 faiz azalıb.
O cümlədən, kompyuterlər və digər elektron avadanlıqları istehsalı 17.5 dəfə, elektrik avadanlıqları istehsalı 3.3 dəfə, maşın və avadanlıqlar istehsalı 37.7 faiz, başqa nəqliyyat vasitələri istehsalı 15.1 faiz, mebel istehsalı 3.9 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 53.3 faiz artıb. Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən yanvar-may ayları ərzində əsas kapitala 4.5 milyard manat, yaxud 2011-ci ilin yanvar-may aylarında olduğundan 28.3 faiz çox vəsait yönəldilib.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 83.6 milyon ton yük və 623.2 milyon nəfər sərnişin daşınaraq 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 3.6 faiz və 9.2 faiz artıb. İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 538.2 milyon manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 16.5 faiz çox xidmət göstərib.
Xidmətlərin 72.4 faizi bilavasitə əhaliyə göstərilib. 2012-ci ilin beş ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 13.1 faiz artaraq 1352.2 manata çatıb və onun 64.6 faizi son istehlaka, 9.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. İlin əvvəlindən əhaliyə 6.8 milyard manatlıq istehlak malları satılıb və 2.1 milyard manatlıq pullu xidmət göstərilib. Dörd ay ərzində ölkəmizə 9.2 milyon dollar həcmində humanitar və texniki yardım daxil olub.
İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.9 faiz bahalaşıb. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-aprel aylarında dövlət büdcəsinə 5.4 milyard manat vəsait daxil olmuş, büdcədən 3.9 milyard manat xərclənib, nəticədə Ümumi Daxili Məhsulun 9.0 faizi qədər və ya 1492.0 milyon manat məbləğində profisit yaranıb.
13/06/12 Çap et