Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə Nazirliyi səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir


Maliyyə Nazirliyi (MN) səlahiyyətlərinə aid olan bütün növ xidmətləri elektron qaydada həyata keçirir. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, MN-də “elektron hökumət” xidmətləri dövlət büdcəsinin layihəsinin tərtibatı, dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması, bələdiyyələr tərəfindən təqdim edilən məlumatlar və göstəricilər, sığorta fəaliyyəti, qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət, ciddi hesabat blanklarının hazırlanması, o cümlədən maliyyə və statistik hesabatların qəbulu üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi nazirliyin rəsmi internet səhifəsində (www.maliyye.gov.az) fəaliyyət göstərir.

M.Piriyevin sözlərinə görə, MN-in göstərdiyi elektron xidmətlərə “Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması”, “Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatları və göstəriciləri”, “Sığorta fəaliyyətlərinə lisenziya almaq üçün müraciət”, “Hüquqi və fiziki şəxslərə qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyət üçün xüsusi razılığın (lisenziya) verilməsi”, “Hüquqi və fiziki şəxslərə ciddi hesabat blanklarının hazırlanması üçün xüsusi razılığın (lisenziya) verilməsi”, “Qeyri-hökumət, büdcə və kommersiya təşkilatlarının maliyyə hesabatlarının qəbulu”, “Qiymətli metallar və qiymətli daşlar ilə bağlı fəaliyyətin statistika hesabatı” və “Ciddi hesabat blanklarının hazırlanması ilə bağlı fəaliyyətin statistika hesabatı” kimi bloklar daxildir: «Bundan başqa, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması da elektron qaydada aparılır.

Həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması,  elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s.  nəzərdə tutulmuşdur. Təşkilatlar hesabat göstəricilərini Maliyyə Nazirliyinin “www.maliyye.gov.az” rəsmi internet səhifəsinin “Dövlət Xəzinədarlığı Agentliyi” sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər».

M.Piriyev əlavə edib ki, MN həmçinin, xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemini respublika miqyasında geniş tətbiq edir. Belə ki, bütün rayon, şəhər xəzinədarlıq idarələri Baş Dövlət Xəzinədarlığı ilə birbaşa fiber-optik kabel və peyk sistemi ilə əlaqələndirilib və bütün növ xəzinə əməliyyatlarının icrasının və uçotunun real vaxt rejimində həyata keçirilməsi təmin olunub: «Nəticədə respublika ərazisində büdcə əməliyyatlarının icrasının sürəti və keyfiyyəti ciddi şəkildə yüksəlib.
Büdcənin icrasi ilə yanaşı, büdcənin formalaşdırılması prosesi və onunla əlaqədar olan bütün növ əməliyyatların da tam avtomatlaşdırılması istiqamətində işlər aparılır. 

Artıq büdcə təşkilatlarının əsas vəsaitlərinin uçotu, büdcənin proqnozlaşdırılması, əmək haqlarının hesablanmasını, kadr uçotunu və sair istiqamətləri tənzimləyən müvafiq proqram təminatı hazırlanıb. Yeri gəlmişkən onu da qeyd edim ki, “Elektron Azərbaycan” layihəsinin ən vacib sahələrindən olan dövlət orqanlarında elektron sənəd dövriyyəsi və elektron imza artıq Maliyyə Nazirliyində tətbiq olunur».

SEYMUR





13/06/12    Çap et