Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Əfqanıstan Azərbaycanın “Dövlət Qulluğuna Qəbul – Test İmtahanı Sistemi”nin təcrübəsindən yararlanacaq
Azərbaycanda səfərdə olan Əfqanıstanın hökumət təmsilçiləri “Dövlət Qulluğuna Qəbul – Test İmtahanı Sistemi” (DQQTİS) üzrə “Test imtahanı kliyenti” altsisteminin işini yüksək qiymətləndirib.
Dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi “Test mərkəzi” ilə tanış olan İnzibati İslahatlar Katibliyinin baş direktoru Sayed Zabiullah Savayzi bu sahədə Azərbaycanın təcrübəsindən yararlanacaqlarını qeyd edib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan bildirilib ki, Sayed Zabiullah Savayzinin rəhbərlik etdiyi nümayəndə heyəti komissiyanın sədri Bəhram Xəlilovla görüş keçirib. Nümayəndə heyətinin tərkibində Əfqanıstan İslam Respublikasının Dövlət İdarəçiliyi İslahatlarının direktoru Əhməd Məsud Toxi, Əyalət üzrə əlaqələndirici Favad Karmand, Əməliyyatlar üzrə direktor Ansarullah Foşanji, Media Əlaqələri və Kommunikasiya üzrə direktor Əzizullah Ariafar, Yerli təlimlər üzrə direktor Qulam Faroq Qani, Aparat rəhbəri Mamun Rəşid və Məsləhətçi Xeyrulla Tac yer alıb.
Səfərin əsas məqsədinin iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən, Azərbaycanın dövlət qulluğu və kadrların idarəedilməsi sistemi ilə yaxından tanış olmaqdan və Azərbaycan təcrübəsini öyrənməkdən ibarət olduğunu qeyd edən Savayzi qarşılıqlı səfərlərin iki qurum arasında inkişaf etməkdə olan əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb. Komissiyanın əməkdaşları tərəfindən qonaqlar üçün “Xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi”, “Dövlət qulluğu sisteminin hüquqi tənzimlənməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzularında təqdimatlar da keçirilib.
Qeyd edək ki, Əfqanıstan dövlət qulluqçularının səfəri barədə razılıq 2011-ci ilin dekabr ayında Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu üzrə Komissiya sədrinin müavini Rohulla Osmaninin Azərbaycana səfəri zamanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədri Bəhram Xəlilovla keçirdiyi görüşdə əldə edilib. Səfər BMT-nin İnkişaf Proqramının Əfqanıstan üzrə nümayəndəliyinin Əfqanıstan hökuməti ilə birgə həyata keçirdiyi “Milli İnstitusional Quruculuq” layihəsi çərçivəsində təşkil olunub.
HƏQİQƏT
14/06/12 Çap et