Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinli iş adamları Azərbaycanda sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edilib


İqtisadi inkişaf naziri Şahin Mustafayev çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən qeyd edilib ki, Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin iyunun 11-dən etibarən Çin Xalq Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Görüşlərdə İqtisadi İnkişaf Nazirliyi və Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, İqtisadi İnkişaf Nazirliyi və Çinin Sincan-Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında Protokol, həmçinin AZPROMO ilə Çin və Avropa arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İkitərəfli əməkdaşlığın inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev bu ilin 4 ayı ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 60 faiz artdığını qeyd edib. Bildirilib ki, ticarət dövriyyəsinin daha da artırılması üçün hər iki ölkə böyük potensiala malikdir. Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çinli iş adamları uğurla fəaliyyət göstərirlər. 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçib.

1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon ABŞ dolları, neft-qaz sektoruna isə 598 milyon ABŞ dolları investisiya yatırılıb. Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 milyon avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçib ki, onlar tərəfindən bu ölkəyə təqribən 5 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.

Qeyd edək ki, iyunun 16-na qədər davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, iyunun 15-də Quançjouda keçiriləcək Çin-Azərbaycan biznes forumunda iştirak edəcək, sənaye parklarının fəaliyyəti ilə tanış olacaq.
 
HƏQİQƏT






14/06/12    Çap et