Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiberməkanda müharibə “qoxu”su


Bəxtiyar Məmmədov: “Kibervasitələrdən istifadə ilə infrastrukturun sıradan çıxarılması ümumi təhlükənin daha da artırılmasına gətirib çıxaracaq”
 
Müharibə “qoxu”su bu dəfə kiberməkanda duyulur. İT aləminin nüfuzluları ingiliscə od, alov mənasını verən “Flame” kodlu yeni virusun bu məkanda hərarəti artıraraq, müharibə ocağı yaradacağından ehtiyatlanırlar. Bəs qlobal məkanda kibermüharibə təhlükəsi nə qədər realdır? Ümumiyyətlə, bu gün ölkələrin kibersilahdan istifadəyə meyli üçün ciddi əsaslar varmı?
 
Reallıqdan virtual aləmə ötürülən gərginliklər
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədovun sözlərinə görə,  kiberməkandakı müharibə mövcud reallıqda olan münasibətlərin virtual formada əksidir: “Dövlətlər arasında gərginlik varsa, bu, virtual aləmə də keçərək həmin müstəvidə özünü göstərir.

Artıq texnologiyaların inkişafı ona gətirib çıxarıb ki, bəzi hallarda kritik infrastrukturun sıradan çıxarılması üçün onun fiziki məhvinə ehtiyac qalmır. Dövlətlər ziddiyyətləri aradan qaldırmaq, öz maraqlarını təmin etmək üçün münaqişədə olduğu dövlətə qarşı, şərti desək, virtual silahdan istifadə edir”.

Belə ki, dövlətlər arasında ziddiyyətlər varsa, enerji sistemi, yanacaqdaşıma ilə bağlı infrastruktur, idarəetmənin təminatı və s. kimi kritik infrastrukturun sıradan çıxarılması üçün bu gün təyyarə ilə bombardmana ehtiyac yoxdur.

Əksinə, başqa idarəedilməyə əmr verə biləcək proqram təminatı hazırlayaraq bu infrastrukturun sıradan çıxarılması təhlükəsi daha aktualdır. Ona görə də dünyada, xüsusilə, inkişaf etmiş ölkələrdə kibermüharibə, kibertəhlükəsizlik məsələlərinə son dərəcə diqqət yetirilir.

Bununla bağlı aidiyyəti qurumlar, beynəlxalq təşkilatlar öz töhfələrini verməyə çalışırlar: “Bu sahədə ABŞ-ın tədqiqatları daha güclüdür, hətta başqa ölkələrdə bu təcrübədən istifadə məsələlərini araşdırırlar. Məsələn, ABŞ tədqiqatlarına görə, dünya stabilliyini poza biləcək rejimlər var ki, bunlardan biri Şimali Koreyadır.

Orada nüvə istehsalı, nüvə başlıqlı raketlər digər ölkələr üçün təhlükə mənbəyi hesab edilir. Nüvə tədqiqatlarının dinc məqsədlərlə istifadəsi, bu silahların yayılmasının qarşısının alınması üçün bir çox konvensiyalar var. Son illər İranda da nüvə tədqiqatlarının aparılması ABŞ-ı, İsraili ciddi narahat edir.

Bu narahatlığın özü də başqa vasitələrdən - viruslardan istifadəni gündəmə gətirir. Belə məlumatlar var ki, həmin ölkələrin xüsusi xidmət orqanları İranın nüvə resurslarını sıradan çıxarmaq üçün xüsusi proqram üzərində işləyirlər. Bunun da yaranacaq fəsadlarının müzakirəsi gündəmdədir”.

Amerikalı tədqiqatçılar Çində də bu sahədə işlərin aparıldığını qeyd edirlər. Son illər Çinin əhalisi ilə yanaşı, inkişaf tempi də sürətlə artdığından orada kompyuter proqram təchizatı ilə məşğul olan şirkətlərin və vətəndaşların sayı da çoxalır: “Amerika hesab edir ki, səfərbərlik əsasında aparılan ənənəvi müharibə baxımından Çinin resursları daha genişdir, başqa ölkələrlə ziddiyyətləri yaranarsa, bu ölkənin ani olaraq səfərbərlik elan etməsi imkanları xeyli yüksəkdir”.
 
Ölkələrin kibermüdafiəsinin təşkili aktuallaşır
 
Kibertəhlükəsizliyin təminatının ilk növbədə dövlətlərarası münasibətlərdən asılı olduğunu deyən RİTN rəsmisi qeyd edib ki, infrastrukturu təhdid edənlərin maraqları müxtəlifdir. Bu məqsədlər sırf infrastrukturu məhv etmək, qarət və s. ola bilər: “Bu da hər bir ölkənin kibermüdafiəsinin təşkilini zəruri edir. Ona görə də ölkələrin və beynəlxalq təşkilatların bu sahədə qabaqcıl təcrübəsindən yararlanmaq lazımdır. Bu məsələlərin müzakirəsi üçün Azərbaycanın da daxil olduğu NATO-nun xüsusi qrupu var”.

Bu qrupun ötənilki görüşündə hər bir dövlətin daxili resursları hesabına müdafiəsinin təşkili ön plana çəkilib və digər ölkələrdə aparılan təcrübə bölüşdürülüb. Sözsüz ki, ölkələr arasında açıq qarşıdurma varsa, bu, digər müstəviyə keçəcək. Açıq qarşıdurma yoxdursa, kibervasitələrdən istifadə yolu ilə bu və ya digər ölkənin infrastrukturunun sıradan çıxarılması ümumi təhlükənin daha da artırılmasına gətirib çıxaracaq. Bu da insanlar, həyatı təmin edəcək mənbələr üçün təhlükədir”.
 
Boşluq varsa, təhlükə labüddür 
 
B.Məmmədovun fikrinə görə, kibermüharibə baş verərsə, ilk növbədə, kompyuter texnologiyalarının geniş tətbiq olunduğu, eləcə də müdafiə sisteminin zəif təşkil edildiyi ölkələr bundan ziyan çəkə bilər: “Adətən, kompyuter texnologiyalarını təhlükəni nəzərə almadan, o proqnozu görmədən planlaşdırırlar.

Əvvəllər insanların gördükləri əksər işləri hazırda proqram təminatları həyata keçirirlər. Çox zaman bu proqram təminatları onlara qarşı müdaxilə üçün hesablanmayıb. Ona görə də belə boşluq olduqda, təhdid edən qüvvənin marağından irəli gələrək təhlükə mövcud olacaq.

Məsələn, elektrik şəbəkəsinin idarəedilməsi əvvəllər sadə üsullarla həyata keçirilirdisə, artıq burada kompyuter texnologiyaları tətbiq edilir. Tətbiq edilən proqramın təhlükəsizliyi effektiv təmin olunmursa, buraya müxtəlif təhdidlər ola bilər”. Nazirlik rəsmisi deyir ki, əgər əvvəllər hər hansı dövlətin dəstəyi ilə bu, məqsədyönlü həyata keçirilə bilərdisə, indi belə bir müdaxilə dəstək olmadan da icra oluna bilər.

Hazırda müxtəlif təmayüllü qrupların təhdidləri əyləncə, özünütəsdiq, şantaj-reket və s. kimi səbəblərdən də həyata keçirməsi mümkündür: “Ona görə də ilk növbədə dövlət tərəfindən kompyuter texnologiyalarının tətbiqi ilə bağlı təhlükəsizlik meyarları, xüsusi mexanizmlər təmin olunarsa, ölkələr öz müdafiəsini təşkil edə bilərlər. Bunun ən effektiv yollarından biri mövcud təcrübədən bəhrələnmək, bu sahədə beynəlxalq-iqtisadi əməkdaşlığın nəticələrindən istifadə etməkdir”.
 
İnternet idarəçiliyində fikir ayrılığı
 
Bəs beynəlxalq aləmdə kibersilahdan istifadəyə qarşı hansı qanunvericilik qüvvədədir? RİTN rəsmisi deyir ki, hələlik belə bir sənəd yoxdur: “İnternet, virtual məkan son illərin məhsulu olduğuna görə bu sahədə beynəlxalq konvensiyalar çox deyil. İnternetin idarəçiliyi, bu idarəçiliyin vacibliyi, belə bir idarəçilik olarsa, hansı quruma həvalə edilməsi hazırda da müzakirə mövzusudur. Belə fikir var ki, internet BMT və ya onun ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunsun. Amma bu məsələ heç də hamı tərəfindən rəğbətlə qarşılanmır.

Məsələn, ABŞ-ın mövqeyinə görə, internet bəşəriyyətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir və bu nailiyyətin əsas mənbəyi də onun azad olmasıdır. Onu hər hansı çərçivəyə salmaq internetin inkişafının qarşısını almaqdır. Ona görə də ABŞ internet idarəçiliyinin hər hansı təsisata verilməsinin əleyhinədir. Bu yaxınlarda ABŞ-ın Dövlət katibi Hillari Klinton da bir daha öz çıxışında bu məsələyə toxunub”.

İnternetlə bağlı təşəbbüslərdən də söz açan B.Məmmədov deyir ki, 2011-ci ildə “Budapeşt Konvensiyası”nın 10 illiyi qeyd edilib və ənənəvi olaraq, hər il Strasburqda “Octopus” konfransı keçirilir: “Bu, dünyanın kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərinin birgə toplantısıdır. ATƏT də bu yaxınlarda üzv dövlətlərin kibertəhlükəsizliklə bağlı xüsusi İşçi Qrupunu yaradıb. ABŞ-ın rəhbərlik etdiyi İşçi Qrup ATƏT çərçivəsində bu təşəbbüsün həyata keçirilməsi üçün artıq zəruri təkliflərin hazırlanmasına başlayıb”.

Şöbə müdirinin sözlərinə görə, Rusiya, Çin kimi ölkələr bu sahədə olan “Budapeşt Konvensiyası”nın qloballaşdırılmasının tərəfdarlarıdırlar. Belə ki, sözügedən sənəddə yurisdiksiyalarına təhdidlərin olduğunu əsas gətirən Rusiya BMT çərçivəsində ayrıca konvensiyanın hazırlanmasını vacib sayır. Bu ölkədə hesab edilir ki, dövlətlər birliyi təhlükələri nəzərə alaraq yeni konvensiya hazırlanması üzərində iş aparmalıdırlar.
 
Yeni təhdidlərə qarşı birgə səy çağırışı
 
Şöbə müdirinin sözlərinə görə, kibertəhdidlərə qarşı birgə səyləri əks etdirən daha bir təşəbbüs Beynəlxalq Telekommunikasiya İttifaqı ilə Malayziyada yerləşən “İMPACT”( International Multilateral Partnership Against Cyber Threats)-ın əməkdaşlığıdır: “Kibertəhdidlər ortaya çıxan zaman “İMPACT” üzv dövlətlərə tövsiyələrini verir. Qurum “Kasperskiy”lə birlikdə  bu yaxınlarda geniş yayılmış virusla əlaqədar yaranan problemlərin aradan qaldırılması üçün təkliflərini vermişdi.

Ümumiyyətlə, beynəlxalq səviyyədə kibertəhlükəsizliyin təmin olunması qlobal problem kimi önə çəkilir. Bu məsələ artıq bir dövlətin deyil, bir çox dövlətin maraqlarına toxunur. Hər bir dövlət öz silahlı qüvvələri, daxili qoşunları, ordusu vasitəsilə əmin-amanlığı necə təmin edirsə, bütün dövlətlər müasir dövrün təhlükəsizliyi üçün vacib olan yeni reallıqları da nəzərə almalı, artıq bu platformadan çıxış etməlidirlər”.

Nazirlik rəsmisinin fikrinə görə, dövlətlər yeni təhdidlərin qarşısını almaq üçün müxtəlif səviyyələrdə, müxtəlif pillələrdə tədbirlər görməlidirlər. Bu tədbirlər ilk növbədə ölkənin müdafiə sistemində həyata keçirilməlidir: “Ölkənin müdafiə sistemi kompyuter texnologiyaları, proqram təminatı ilə bilavasitə əlaqəli məsələdir, bu sistem ciddi qorunmalıdır. Ölkənin kritik infrastrukturunda təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Bizim ölkə üçün ilk növbədə, yanacaq-enerji kompleksi ilə əlaqədar, məsələn, neftin nəqli, emalı məsələləri sahəsində təhlükəsizlik tədbirləri dünya standartlarına uyğun təşkil olunmalıdır ki, təhdidlərin qarşısı alına bilinsin. Bundan əlavə, bu yaxınlarda da şahidi olduq ki, dövlətlərarası mübahisələrdə gərginlik olduqda, təhdidlər istisna edilmir.

Və ya bizim ölkəmizi istəyən qüvvələr informasiya ehtiyatlarımıza hücumu təşkil edir və bununla bizə mənəvi, hətta maddi zərbə vurmağa çalışırlar”. Bunun üçün də hər bir dövlət ilk növbədə beynəlxalq mexanizmdən istifadə edərək bu əməllərin qanunazidd olması ilə bağlı öz qanunvericiliklərində ciddi tədbirlər görməlidirlər. İnternetin genişmiqyaslı əhatə dairəsini nəzərə alaraq, cinayət əməllərinin qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlıq da gücləndirilməlidir: “İstənilən halda, cinayət, qanunazidd hərəkət cəzasız qalarsa, onun cəmiyyətə vurduğu ziyan daha çox ola bilər”.
 
Həqiqət İSABALAYEVA





16/06/12    Çap et