Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT sahəsinin inkişafı üçün vergi tariflərinin aşağı salınması zəruriləşir
Bu yaxınlarda Ukrayna parlamenti bütün region üçün örnək ola biləcək bir addım atıb. Ukraynalılar dövrün tələblərinə cavab vermək və ölkədə informasiya-kommunikasiya texnologiyalarının istehsalını artırmaq və bu yöndə olan çalışmaları stimullaşdırmaq üçün İT şirkətlərinə görülməmiş güzəştlər tətbiq ediblər.
Belə ki, Ukrayna parlamenti İT şirkətlərin gəlirlərinin və İT şirkətlərin əməkdaşlarının vergi tariflərini 5%-dək azaldan qanun layihəsini qəbul edib. Yeni qanun Maliyyə Nazirliyinin etirazlarına baxmayaraq qəbul edilib.
Çünki deputatlar məhz İKT sahəsi üzrə görüləcək işlər nəticəsində istehsalın artacağını, işsizliyin aradan qalxacağını və xaricə satılan İKT məhsullarından böyük məbləğdə gəlirlərin əldə olunacağını əsas götürüb. Maliyyə Nazirliyi isə büdcə gəlirlərinin 800 milyon grn. həcmində azalmasından, həmçinin bazarın bir sıra iştirakçılarının güzəştlərin bölüşdürülməsi zamanı baş verəcək korrupsiyadan ehtiyat edib.
Ali Rada Viktor Yanukoviç (ölkə prezidentinin oğlu) və maliyyə, bank fəaliyyəti, vergi və gömrük siyasəti ilə bağlı məsələlər üzrə komitənin sədr müavini Yevgeni Çarkovun rəhbərliyi ilə fəaliyyət göstərən deputat qrupu tərəfindən təklif edilmiş “Proqram məsulu sənayesinin subyektlərinin üzərinə vergi qoyma xüsusiyyətləri haqqında” və “Proqram məsulu sənayesinin subyektlərinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi haqqında” qanun layihələri qəbul edilib. İclas zalında səsvermə müzakirəsiz keçirilib. Qəbul olunmuş qanunlar İT sahəsi üçün eşidilməmiş güzəştlər tətbiq edir.
Eksperiment iştirakçısı olan şirkətlər üçün mənfəət vergisinin 10 il ərzində 21%-dən 5%-dək azaldılması nəzərdə tutulur və həmin şirkətlərdə çalışan fiziki şəxslər üçün gəlirlərin üzərinə qoyulan vergilərin 15%-dən 5%-dək azaldılması nəzərdə tutulur.Həmçinin İT şirkətlərində çalışan işçilər üçün vahid ictimai ödəmə 5 il ərzində aşağı endiriləcək.
Bu günədək ödəmə əmək haqqının miqdarının 36,76%-ni təşkil edib, indi isə iki minimal əmək haqqının (804 grn.) 36,76%-ni təşkil edir. Bundan əlavə, İT sahəsinə aid şirkətlərin məhsul və xidmətləri il ərzində əlavə dəyər vergisindən azad olunacaq.
Qanun layihəsinin müəllifləri bu güzəştləri Ukraynada İT xidmətlərinin inkişaf perspektivləri ilə izah ediblər. Ölkədə proqram təminatının hazırlanması ilə 2700 müəssisə məşğul olur. Çarkovun dediyinə görə, bazarın illik həcmi təxminən 10,2 milyard grn. təşkil edir. Bundan 9,3 milyard grn. ixraca istifadə olunur. Bazar iştirakçıları bildiriblər ki, vergi yükü azalsa, bazar hər il 50% artacaq. Məişət yükünün azalması həmcinin İT sahəsində əmək bazarının leqallaşdırılması ilə nəticələnəcək.
Məlum olduğu kimi, Azərbaycanda da informasiya-kommunikasiya texnologiyaları sahəsinə böyük diqqət göstərilir. Ölkədə İKT sahəsi prioritet elan olunub və bu istiqamətdə çox ciddi addımlar atılıb. Amma bununla Azərbaycanın regionun İKT mərkəzinə çevrilməsi, istehsalın daha da artırılması üçün bir sıra vergi tariflərinin azaldılması istiqamətində addımların atılmasına ehtiyac duyulur.
Buna görə də Ukrayna təcrübəsinin də Azərbaycanda tətbiq edilib-edilməməsi ilə bağlı iqtisadçıların fikirlərini öyrəndik. Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, gün-gündən ölkəmizdə də İKT sahəsi inkişaf edir. Onun sözlərinə görə, son illər Azərbaycanda bu sahənin sıçrayışlı inkişafını görmək mümkündür: «Hətta bir sıra ölkələr bizim bu sahədə əldə etdiyimiz nailiyyətlərlə maraqlanırlar.
Demək istəyirəm ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində çox böyük işlər görülür. Hesab edirəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən güzəştlər edilir, müəyyən tariflərə baxılır. Yəni bu istiqamətdə bizdə mütəmadi olaraq işlər aparılır. İndi Ukrayna ola bilər ki, birinci dəfədir belə bir addım atır. Bizdə isə tez-tez bu məsələlərə baxılır.
Ümumiyyətlə, mən hesab edirəm ki, biz XXI əsrdə yaşadığımız üçün bu sahənin inkişafı ilə əlaqədar olaraq sözügedən məsələlərə tez-tez baxmalıyıq ki, ölkədə sahibkarlar və vətəndaşlar bundan daha çox istifadə etmək imkanlarına malik olsun».
Azərbaycanda da İKT sahəsi üzrə vergi tariflərinin azaldılmasına ehtiyacın olduğunu vurğulayan V.Əhmədov son vaxtlar vergi sistemimizdə çoxlu dəyişikliklərin edildiyini də xatırladıb: «Hətta vergilərin azaldılması ilə əlaqədar çoxlu addımlar atmışıq. Çünki bu, birbaşa olaraq insanların taleyi ilə əlaqədardır. Mənə elə gəlir ki, bu sahədə də bizim vergilərin bir qədər də azaldılmasına ehtiyac var. Düşünürəm ki, vergilərin azaldılması ilə bağlı məsələ qaldırıla bilər.
Bu da ciddi problem deyil. Çünki nazirliyin özü tərəfindən bu məsələlər mütəmadi olaraq öz həllini tapır. O ki qaldı verginin azaldılmasına, hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar da RİTN-in səlahiyyətlərinə aiddir. Amma hesab edirəm ki, bununla bağlı məsələyə parlamentdə də baxmaq olar. Çünki burda belə də ciddi problem yoxdur».
İqtisadçı-ekspert Zahid Məmmədov da hesab edir ki, ölkədə İKT sektorunun daha da inkişaf etdirilməsinə nail olmaq üçün vergi tariflərində müəyyən güzəştlərə getmək lazımdır: «Azərbaycanda bilik iqtisadiyyatına yönəlik qərarlar var. Artıq bu istiqamətdə prezident İlham Əliyevin sərəncamları var. Ölkədə bununla bağlı ciddi çalışmalar aparılır. Biz bilik iqtisadiyyatı qururuqsa, onun əsas atributlarından biri olan İKT sahəsini bir sıra vergilərdən azad etmək haqqında düşünməliyik.
Bu gün Azərbaycanda bilik iqtisadiyyatı çərçivəsində təhsil iqtisadiyyatının inkişafı ən öndə duran məsələlərdən biridir. Bu mövzunu daha da gücləndirmək, bu istiqamətdə imkanların daha da artırılması və insanların bu sahəyə axınını, marağını artırmaq üçün müəyyən güzəştləri bir qədər də artırmalıyıq. Məsələn, neft sahəsi niyə bu qədər inkişaf edir? Çünki orada əmək haqqı yüksəkdir.
İKT sahəsində də vergi yükünü azaltmaqla əmək haqqını artırmaq mümkündür. Mənə elə gəlir ki, bu labüddür və hesab edirəm ki, gecikmədən bizdə də bu cür güzəştlər edilməlidir. Əgər Ukrayna indi-indi bu istiqamətdə fikirləşməyə başlayıbsa, biz artıq neçə illərdir ki, İKT sahəsi üzrə addımlar atırıq. Biz lazım olduğu təqdirdə, İKT sahəsini əlavə dəyər vergisindən də azad edə bilərik.
Ümumiyyətlə, mən hesab edirəm ki, bu sahənin sıçrayışlı inkişafını görmək istəyiriksə, onda ilk növbədə verginin azaldılması istiqamətində ciddi işlər aparmaq lazımdır. Hesab edirəm ki, gömrük vergiləri də azaldılmalıdır. Bilirsiniz, bütün bu işləri kompleks şəkildə həyata keçirməliyik.
Azərbaycan Yaxın Şərqin, eləcə də Qafqazın informasiya texnologiyalarının əsas mərkəzi olmalıdır. Bunun üçün də ölkədə çox ciddi işlər aparılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi böyük işlər görür və hesab edirəm ki, bu istiqamətdə tez bir zamanda böyük nəticələr əldə edə biləcəyik».
Seymur Qasımbəyli
16/06/12 Çap et