Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nəqliyyatın intellektual idarəetmə sisteminin iş prinsipi nümayiş etdirilib
Nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılması üçün yaradılmış Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi iyun ayının 13-dən 15-dək “Bakı Ekspo” mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisində iştirak edib. “İCTnews” elektron xəbər xidmətinə NİİM-dən verilən məlumata görə, mərkəz sərgidə maraqlı bir təqdimetmə ilə çıxış edib.
Belə ki, mərkəz sərgiyə gələn insan axınını nəqliyyat axını kimi nəzərdə tutmaqla EXPO çərçivəsində intellektual idarəetmə sisteminin kiçik modelini yaradıb və bunun əsasında NİİM-in fəaliyyət prinsipini ziyarətçilərə canlı olaraq nümayiş etdirib.
“Bu sərgidə iştirakımızın əsas məqsədi ziyarətçilərə, qonaqlara, kütləvi informasiya nümayəndələrinə və onlar vasitəsilə daha geniş ictimaiyyətə nəqliyyatın intellektual idarəetmə sisteminin iş prinsipini nümayiş etdirmək idi.
Burada biz qanunvericilikdə müvafiq dəyişikliklərdən sonra işə düşəcək qeyri-qanuni parklamaya nəzarət sistemi və yenilik olacaq avtobus, metro, taksi üçün nəzərdə tutulmuş vahid ödəmə sistemi haqda da ətraflı məlumat veririk. Əminəm, mərkəz tərəfindən həyata keçirilən bu yeniliklər hər bir nəqliyyat istifadəçisi üçün rahatlığı təmin edəcək” – deyə NİİM nümayəndəsi bildirib.
Qeyd edək ki, sərgidə “Azəryolservis”, “Azərkörpü”, “Körpü – Bina – Tikint”, “Improtex Trucks And Buses”, “Borusan Makina” və digər məşhur yerli və xarici şirkətlər iştirak edib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemləri aradan qaldırmaqdır.
CAHANGİR
18/06/12 Çap et