Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislərimizə stereo şəkillərin hazırlanması üçün təlimlər keçirilib


Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin əməkdaşlarına “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” anonim şirkətinin ofisində fotoqrammetriya avadanlıqlarından istifadə edilməklə, “Erdas Imagine 9.1”, “Microstation 8.5” proqramları vasitəsi ilə stereo şəkillərin hazırlanması, onlardan rəqəmsal topoqrafik xəritələrin tərtib edilməsi istiqamətində təlimlər verilib. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.

Komitədən bildirilib ki, Daşınmaz əmlakın vahid kadastrının tərtibi və aparılması şöbəsinin müdiri Çingiz Tanrıverdiyevin rəhbərliyi ilə həmin şöbənin mütəxəssisləri təlimkeçmə məqsədi ilə Türkiyənin Ankara şəhərində  ezamiyyədə olublar: “Ezamiyyə dövründə heyət şirkətin mütəxəssisləri ilə birlikdə praktiki məşğələlərə cəlb edilməklə yanaşı, təlimlər zamanı istifadə olunan paket proqramların qurulması və onlardan istifadə edilməsi üzrə işləri mənimsəyiblər.

Bununla yanaşı, xüsusi təyyarə vasitəsilə  çəkilmiş aeroşəkillərdən “ERDAS İmagine 9.1” kompyuter proqramının köməyi ilə blokun hazırlanması, aeroşəkilləri çəkmiş kameranın müvafiq parametrlərindən istifadə edərək “*.cam” faylının yaradılması, müvafiq parametrlər vasitəsilə  şəkillərin stereo modelinin yaradılmasına dair təlimlər keçirilib”.

Həmçinin mərkəzin əməkdaşlarına yaradılmış stereo şəkillərdən vektorlaşdırma işlərinin aparılması məqsədi ilə "Microstation 8.5" proqram təminatından istifadə edərək əmlakların mənsubiyyətinə və təyinatına uyğun qatlarda (torpaq sahələrinin, əmlakların, yolların, bataqlıq və göllərin, yarğan və horizontalların, hündurlüklərin və sair) tərtibi və çəkilməsi öyrədilmiş, bununla bağlı praktiki məşğələlər keçirilib.

Təlim müddətində “Geomedia” proqramı vasitəsi ilə aeroşəkillərin bir blok altında birləşdirilməsi, onların ortaq nöqtələrini qeyd etməklə şəkillərin ardıcıl bağlantısının həyata keçirilməsi təcrübəsi də öyrənilib, geodeziya istinad məntəqələrinin koordinatlarından istifadə etməklə yaradılmış blokların arasında bağlantı qurmaq və onların koordinata gətirilməsi, eyni zamanda aeroşəkillərin geodezi koordinat sisteminə keçirilməsi təcrübəsi praktiki olaraq mütəxəssislər tərəfindən  mənimsənilib. Həmçinin mütəxəssislərə “İmage Station Stereo Display” proqramı vasitəsi ilə Rəqəmsal Hündürlük Modelinin yaradılması və hazırlanmış modellər əsasında “Geomedia” proqramında ortofotoxəritələrin hazırlanması prosesləri haqqında məlumat verilib.
 
Həqiqət İSABALAYEVA





18/06/12    Çap et