Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qulu Xəlilov: “Elektron xidmətlərin tətbiqi əmlak bazarında şəffaflığı daha da artıracaq”
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin müasir standartlar səviyyəsində qurulması, vətəndaşların, hüquqi və fiziki şəxslərin qeydiyyatla bağlı müraciətlərinin operativ cavablandırılması, habelə qeydiyyat prosedurlarının sadələşdirilməsi yönümündə tədbirləri davam etdirir.
Belə ki, bu tədbirlərdən ən mühümü daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqidir ki, bu da əmlak bazarında şəffaflığın daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etimadının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə dövlət qeydiyyatından keçirmələrinə imkan yaradacaq.
“İCTnews” elektron xəbər xidmətinə bu barədə ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən işlərin, habelə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsi kimi əhalinin daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması məqsədi ilə komitənin yerli qeydiyyat orqanlarına müraciətləri artmaqda davam edib.
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 2012-ci ilin yanvar-aprel ayları üzrə göstəriciləri əmlakın qeydiyyatında artımın davam etdiyini, regionlarda bu proseslərin aktivləşdiyini və torpaqla əməliyyatların artdığını göstərir. Beləliklə, 2012-ci ilin ilk 4 ayında ölkədə 44,7 min əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,8 faiz artıqdır. Qeydiyyatdan keçən əmlakın 13 267-si (29,7%) ilkin, 31 434-ü (70,3%) təkrar qeydiyyatdan keçib.
Ötən ilin eyni dövrünə nisbətən təkrar qeydiyyat 19%-dən çox artıb. Bu ilin yanvar-aprel aylarında komitənin daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərdiyi xidmətlərin əksəriyyəti üzrə həm Bakı şəhəri, həm də respublikanın digər şəhər və rayonlarında artım baş verib. Bu dövrdə tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 12,5%, yüklülük 67%, ipoteka qeydiyyatı 51%-dən çox, müayinə aktları 39%, məhdudlaşdırmaya dair arayışlar 19% artıb.
Yanvar-aprel aylarında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 9 205-i fərdi yaşayış və bağ evi, 15 998-i mənzil, 16 828-i torpaq sahəsi, 1 264-ü qeyri-yaşayış binası, 1 026-sı qeyri-yaşayış sahəsi, 281-i əmlak kompleksi, 94-ü çoxillik əkmə, 5-i isə çoxmərtəbəli yaşayış binaları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 10%-dən çox, torpaq sahələrinin qeydiyyatı 17%, əmlak komplekslərinin qeydiyyatı 2,6% artıb.
İlin ilk 4 ayında əmlak qeydiyyatında regionların payı 62%-i keçib. Artıq ənənəvi olaraq fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür. 2011-ci ilin yanvar-aprel aylarında ölkə üzrə 1 105 mənzil özəlləşdirilib. Ümumilikdə özəlləşdirmə başlayandan 2012-ci il mayın 1-dək ölkə üzrə 457 634 mənzil özəlləşdirilib.
Həqiqət İSABALAYEVA
18/06/12 Çap et