Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan kibercinayətkarlıqla bağlı tədbirdə təmsil olunub


Fransanın Strasburq şəhərində Avropa Şurasının 2001-ci il kibercinayətkarlığa qarşı mübarizə konvensiyasının Məşvərət Komitəsinin iclası keçirilib. Bu barədə “ITnews” elektron xəbər xidmətinə sözügedən tədbirdə iştirak etmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, iclasda bir sıra vacib məsələlər müzakirə edilib. B.Məmmədov bildirib ki, ənənəvi olaraq keçmiş toplantıdan bu günə qədər konvensiyaya qoşulan ölkələrin siyahısı, yəni ratifikasiya prosesi, eləcə də onunla əlaqədar görülən işlər barəsində məlumat verilib.

Bundan əlavə, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı hər bir ölkədə görülən işlər, tədbirlər barədə iştirakçılar məlumatlandırılıb: «Bu iclasda 2012-2013-cü illər üçün tədbirlər planı, yəni konvensiyanın tətbiqi ilə əlaqədar görüləcək işlərlə bağlı məsələlər də müzakirə olunub».

Tədbirdə bir çox beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdiyini önə çəkən B.Məmmədov deyib ki, beynəlxalq təşkilatlar da kibercinayətkarlıqla kibertəhlükəsizlik sahəsində öz fəaliyyətləri barəsində Məşvərət Komitəsinin üzvlərinə məlumat veriblər: «Eyni zamanda bir çox məsələlər barəsində ətraflı təhlil aparılıb.

İlk növbədə kibercinayətkarlıq haqqında konvensiyanın 16, 17, 29 və  30-cu maddələrinin tətbiqi ilə əlaqədar görülən işlər, konvensiyanın müddəalarından irəli gələn məsələlərin ölkələrin qanunvericiliyində əks olunması və bununla əlaqədar ölkələrin praktikası məsələləri müzakirə edilib. Məşvərət Komitəsində müzakirə olunan digər vacib məsələlərdən biri də sərhədyanı əməkdaşlıq məsələləri olub. Bununla bağlı xüsusi qrup yaradılıb.

Eyni zamanda, konvensiya üzvlərinin sayının genişlənməsi məsələsi də müzakirə olunub. Məlum olduğu kimi, bu, Avropa Şurasının konvensiyasıdır və buna Avropa Şurasına üzv olan dövlətlər asan prosedurdan sonra qoşula bilir.

Lakin digər dövlətlər (nəzərə alaq ki, konvensiyanı ABŞ, Yaponiya, Latın Amerikası ölkələri imzalayıb və yaxud da imzalamaq niyyətindədirlər) bu konvensiyaya qoşulduqda hər bir Avropa Şurasına üzv olan ölkələrin razılığını almalıdır. Ona görə də konvensiya üzvlərinin genişləndirilməsi ilə əlaqədar üzvlüyə götürülmə prosedurunun daha sadələşdirilmiş prosedurun olması məsələsi də müzakirə edilib».

Məşvərət Komitəsinin iclasından sonra Kibercinayətkarlığa qarşı mübarizə sahəsində ənənəvi olaraq sayca 7-ci Oktobus konfransının keçirildiyini vurğulayan B.Məmmədov deyib ki, tədbirdə Avropa Şurasına daxil olan ölkələrlə yanaşı, 250 müxtəlif maraqlı tərəflər, o cümlədən də 80 ölkədən 30 özəl sektorun və  15 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib: «Konfransı açan Avropa Şurasının baş katibi Torbjorn Jaqland bu sahədə görülən işləri yüksək qiymətləndirib. Konfransın işində bir sıra bölmələr fəaliyyət göstərib. Onlardan birinci bölmə kibercinayətkarlığa qarşı qanunvericilik məsələlərinə həsr olunub.

Bu bölmədə də müxtəlif nümayəndələr öz ölkələrində kibercinayətkarlıq haqqında konvensiyadan irəli gələn müddəaların tətbiqi ilə əlaqədar qanunvericilik sistemlərinə edilmiş dəyişikliklər, kibercinayətkarlığa qarşı mübarizə sahəsində qanunvericilik praktikası və bu kimi məsələləri müzakirə ediblər. İkinci bölmə informasiya mübadiləsi sahəsində özəl və dövlət qurumlarının informasiya mübadiləsi məsələlərinə həsr olunub. Üçüncü bölmədə uşaq hüquqlarının qorunması məsələləri müzakirə edilib.

Dördüncü bölmədə isə sərhədlərarası əməkdaşlıq və yurisdiksiya məsələləri müzakirə mövzusu olub.  Kibercinayətkarlıq sərhəd tanımır. Adətən bu kimi əməllərdə bir çox ölkələrin nümayəndələri iştirak edir. Ona görə də bunun cinayət əməli kimi qiymətləndirilməsi, təqib edilməsi, bununla bağlı zəruri informasiyaların və dəlillərin əldə edilməsinin çox zaman bir ölkə çərçivəsində həyata keçirilməsi mümkün olmur.

Ona görə də dövlətlərarası əməkdaşlıq və xüsusilə də beynəlxalq mexanizmlərdən irəli gələn əməkdaşlıq son dərəcə zəruridir. Müxtəlif ölkələrdən gəlmiş ekspertlər həmin məsələlərlə əlaqədar fikir mübadiləsi aparıb öz ölkələrinin təcrübəsi ilə bağlı konfrans iştirakçılarını məlumatlandırıblar. Onu da qeyd edim ki, tədbirdə müxtəlif şirkətlərin bu sahədə apardığı araşdırmaların da təqdimatları olub. Buna misal olaraq «Microsoft» və «Kaspersky» şirkətlərinin təqdimatlarını göstərmək olar.

Yeri gəlmişkən deyim ki, belə bir konfrans kibertəhlükəsizliyin təminatı sahəsində vacib rol oynayan və bu təhdidlərin qarşısını ala biləcək intellektual fikir mübadiləsini təmin edən və beynəlxalq təsisatların, qurumların son dərəcə böyük marağına səbəb olan bir forum olaraq son nəticədə dünyada bütün qlobal səviyyədə kibertəhlükəsizliyin, uşaqların hüquqlarının qorunması sahəsində vacib rol oynayır».

Konfransın sonunda hər bir sessiyanın yekunu olaraq tövsiyələr hazırlandığını söyləyən B.Məmmədovun sözlərinə görə, tədbirdə Avropa Şurasının baş katibinin müavini xanım Maud de Boer-Baquççi bildirib ki, belə bir forumda tövsiyələrin olması, xüsusilə elektron dəlillərin toplanması sahəsində qabaqcıl təcrübə və bununla əlaqədar hazırlanan xüsusi təlimat tipli sənəd cinayətkarlıqla mübarizədə mühüm rol oynayacaq: «Biz də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi kimi bu sahədə ölkəmizdə aparılan işlər barəsində məlumat verdik.

Xüsusilə də nəzərə alaraq ki, son vaxtlar Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı sürətlə həyata keçirildiyindən bu sahədə görülən işlərin miqyası  təhlükəsizliyin qorunmasını zəruri edir. Biz həmçinin konfrans iştirakçılarını bu sahədə ölkəmizdəki ən son nailiyyətlərlə tanış etdik. Qanunvericilik sahəsində son vaxtlar qəbul edilmiş normativ sənədlər haqda məlumat verildi».
 
 
Seymur QASIMBƏYLİ





18/06/12    Çap et