Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasda rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış edib. Nazir iqtisadiyyatın digər sahələri ilə yanaşı, İKT və telekommunikasiya sektorunun da uğurla inkişaf etdiyini bildirərək dedi:
- Belə ki, hesabat dövründə sektorda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artmışdır. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur. Hesabat dövründə, o cümlədən aşağıdakı nəticələrə nail olunmuşdur. Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, yəni rəqəmləşdirilmişdir. Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə vardır. Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı vardır. Mobil telefon şəbəkəsində əsas fəaliyyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılmışdır. İndi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir. Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalmışdır. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir.
Ölkəmizdə internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır. Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2010-cu ilin sonuna 50 faiz ətrafında qiymətləndirmişdir. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artmış və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşmışdır. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə idarəçilik mexanizmlərinin inkişaf etdirilməsi baxımından Sizin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanınızı xüsusilə qeyd etmək istəyirəm. Bu Fərman ölkədə vətəndaş–dövlət münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və dövlətə olan inamın artmasında mühüm rol oynayır. Elektron xidmətlərin tətbiqi, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və bürokratiyanın azaldılmasına şərait yaradacaqdır. Fərmanın icrasının tam yerinə yetirilməsi üçün cari və gələcək illər üçün fəaliyyət proqramı Fərmana uyğun olan vaxtda hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaqdır.
Digər vacib məsələ vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hesabat dövründə “Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya” hazırlanmışdır. Strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur.
Ölkəmizin poçt şəbəkəsinin inkişafı ilə bağlı qarşıda duran vəzifələr, radio və televiziya yayımının inkişafı üçün həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verən nazir respublikamızın texnoloji və innovativ tutumlu sektorunun inkişafı üçün həyata keçiriləcək əsas tədbirləri də xarakterizə edərək dedi: - Artıq bir çox beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi kimi, Azərbaycanda İKT-nin inkişaf dinamikası son 5-7 ildə birinci onluq ölkələr sırasındadır. Bu qiymətləndirmə və Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hər üç ildə ölkəmizin İKT sektoru 2 dəfə genişlənir və bir çox ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna bilər. Belə bir məqsədə çatmaq üçün nazirlik, ekspertlər qrupu və məsləhətçi şirkət tərəfindən təkliflər paketi hazırlanmış və uyğun strukturlarla müzakirələr aparılmışdır. Bu təkliflərin əsasını ölkədə yüksək texnoloji tutumlu məhsul və xidmətlər istehsal edən regional innovasiya zonasının yaradılması təşkil edir. Hesabat dövründə təkliflər paketi yenidən təhlil edilmiş, sadələşdirilmiş, daxili və xarici sərmayələri cəlb etməklə ixracı və istehsalı stimullaşdıran rejimlə əvəz edilmişdir, yaxın vaxtlarda, cənab Prezident, Sizə təqdim olunacaqdır.
Regional bazarlara çıxış istiqamətində artıq bir neçə önəmli addımlar atılmışdır. Hesabat dövründə ölkəmizin kosmik proqramı üzrə işlər davam etdirilmişdir. 2012-ci ilin IV rübündə ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər plan-qrafik üzrə davam etdirilir. Məsləhətçi şirkətlər ilə birlikdə artıq peykin təxminən 50 faizdən çox xidmət resurslarının xarici ölkələrə satışının ilkin şərtləri razılaşdırılmışdır. Həmçinin əsas və ehtiyat yerüstü idarəetmə mərkəzinin yaradılması və qəza zamanı xaricdən müdaxilə imkanı, kadr hazırlığı, Fransanın “Arianspace” şirkəti tərəfindən qaldırıcı raketin qurulması və s. işlər də plan üzrə həyata keçirilir.
Kosmik bazarlarda ölkəmizin mövqeyinin möhkəmlənməsi və davamlı olması üçün Dövlət Proqramına uyğun nazirlik və digər təşkilatlarla birlikdə ikinci telekommunikasiya peykinin hazırlanması, yer səthinin monitorinqi və öyrənilməsi üçün alçaqorbitli izləyici peyklərin yaradılması istiqamətində araşdırma işləri davam etdirilir. Proqramın maliyyə və əsas təşkilati məsələləri Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Sizin Sərəncamınızla yaradılmış Kosmik Şuranın nəzarəti altında həyata keçirilir.
Region ölkələrinə respublikamız tərəfindən informasiya xidmətlərinin göstərilməsi və tranzit potensialının yaradılması tədbirlərindən də danışan nazir Əli Abbasov İKT sektorunun köklü şəkildə inkişafında Prezident İlham Əliyevin hərtərəfli dəstəyinin mühüm rol oynadığını vurğulayaraq bildirdi: - Cənab Prezident!
Beynəlxalq və regional layihələrdə ölkəmizin fəal iştirakı və bununla əlaqədar ixrac gəlirlərinin artmasında Sizin daxili siyasətinizlə yanaşı, beynəlxalq iqtisadi tədbirlərdə fəal iştirakınız və səfərləriniz zamanı, yaxud ölkəmizdə dünyanın aparıcı telekommunikasiya və İKT şirkətlərinin rəhbərləri ilə görüşləriniz və onlara nümayiş etdirdiyiniz yüksək intellektual potensial və uzaqgörənliyiniz, həyata keçirdiyiniz siyasətin perspektivləri və bu sahəyə dövlət qayğısı həlledici rol oynayır. Sizin bu sahəyə xüsusi diqqətinizin bir faktı da ölkəmizdə son illər şəxsi iştirakınızla keçirilən və Xəzəryanı regionda ən böyük nüfuza malik olan BAKUTEL beynəlxalq telekommunikasiya və İT sərgi və konfransıdır. Keçən il bu sərgiyə baş sponsorluğu Çinin Huaway şirkəti etmiş, bu il isə sərgiyə baş sponsorluğu Microsoft şirkəti həyata keçirir. Bu il sərginin keçənilkindən öz ölçülərinə görə 3 dəfə böyük olacağı gözlənilir.
Nazirlik özəl və xarici dövlət İKT şirkətləri ilə yaxından əməkdaşlıq edir. İKT şirkətlərinin insan resurslarının inkişafı fondu və yeni yaradılmış İKT şirkətlər assosiasiyası aktiv fəaliyyət göstərir. İndi İKT ixrac potensialının gücləndirilməsi və Azərbaycan şirkətlərinin xarici bazarlarda fəaliyyətinin aktivləşdirilməsi gündəliyimizin əsas məsələsidir. Azərbaycan öz coğrafi və demoqrafik ölçülərinə görə çox da böyük ölkə deyil, daxili bazarlarımızın İKT məhsul və xidmətlərinə baxmayaraq ki, tələbatı artmaqdadır, lakin Azərbaycan şirkətləri və inkişafa olan arzumuz artıq bu ölçülərə sığmır. Burada ümidlərimiz yaxın vaxtlarda Sizə təqdim edəcəyimiz yüngülləşdirilmiş ixrac rejimi paketinin yeni imkanlarıdır.
Möhtərəm cənab Prezident! Sizə söz veririk ki, İKT sektorunun tərəqqisi istiqamətində bundan sonra da əlimizdən gələni edəcək, ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün bütün qüvvələrimizi səfərbərliyə alacağıq.
13/07/11 Çap et