Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bank yeni pulköçürmə sisteminin tətbiqinə başlayıb


“DəmirBank” Türkiyənin “UPT” sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pulköçürmə xidmətləri çeşidini genişləndirib. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, “UPT” sistemi ilə müştərilər Azərbaycandan Türkiyəyə daha sərfəli şərtlərlə 1 dəqiqə ərzində ABŞ dolları, avro və Türkiyə lirəsi ilə pul vəsaiti göndərə bilərlər.

“Azərbaycan və Türkiyə arasında geniş əlaqələri nəzərə alaraq biz Türkiyənin “UPT” pulköçürmə sisteminə qoşulmuşuq. Yeni köçürmə sistemi ilə Azərbaycandan Türkiyəyə pul göndərmək mümkündür.

Bu ayın sonunadək Türkiyədən Azərbaycana, daha sonra isə bu sistemlə Rusiya, Almaniya, Hollandiya və digər Avropa ölkələrinə də pul göndərmək və almaq mümkün olacaq”, - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Pulköçürmə xidmətlərini “DəmirBank”-ın 31 filialında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Zolotaya Korona”, “Bıstraya Poçta”, “Contact”, “Coinstar”, “Blizko”, “PrivatMoney”, “Migom”, “Lider” və “UPT” sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. “DəmirBank” özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.

CAHANGİR





21/06/12    Çap et