Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Argentinanın İKT şirkətlərinin təmsilçiləri Azərbaycana səfərə gələcək
Argentinanın İKT şirkətlərinin təmsilçiləri Azərbaycana səfərə gələcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, iyulun 3-4-də Bakıda Azərbaycan-Argentina biznes forumu keçiriləcək. İKT sahəsi ilə yanaşı, səfərdə digər sektorlar da təmsil olunacaq.
Belə ki, hər iki ölkənin müvafiq qurumlarının təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak etmək məqsədilə ölkəmizə gələcək nümayəndə heyətinin tərkibinə rəsmi şəxslər, eləcə də kənd təsərrüfatı, ərzaq, şərabçılıq, aqrokimya, neft, sənaye, inşaat, əczaçılıq, tekstil, xidmət və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri daxildir.
Argentina ticarət missiyasının məqsədi biznes forum çərçivəsində Azərbaycan şirkətləri ilə işgüzar görüşlər keçirmək, yerli sahibkarlarla əlaqələr yaratmaq və Azərbaycan bazarının öyrənilməsidir.
Biznes forum çərçivəsində ikitərəfli görüşlər təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
HƏQİQƏT
22/06/12 Çap et