Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Korrupsiya əleyhinə mübarizə: İnnovasiyalar və yeni üfüqlər" mövzusunda ikinci konfrans keçirilib


Vaşinqtonda Beynəlxalq  Korrupsiya Əleyhinə Mübarizə Alyansının "Korrupsiya əleyhinə mübarizə: İnnovasiyalar və yeni üfüqlər" mövzusunda ikinci konfransı keçirilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, Dünya Bankının təşkilatçılığı ilə iki ildən bir keçirilən tədbirdə dünyanın 130 ölkəsindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların və  bir sıra beynəlxalq təşkilatların əməkdaşları iştirak edib. Konfransda Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev təmsil edib.

Plenar iclas və sessiyalarla müşayiət olunan konfransda beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı mübarizədə yeni texnologiyaların tətbiqi mövzularında çıxışlar və təqdimatlar  iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin ikinci günü müasir texnologiyaların sərgisi nümayiş etdirilib.

Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə  təşkil olunmuş iclas və digər görüşlərdə V.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər, xüsusilə də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət proqramının qəbulu və müvəffəqiyyətlə icrası, ölkəmizin korrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən Konvensiyalara qoşulması və milli qanunvericiliyə  implementasiyası, bu sahə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin təşkili və fəaliyyətə başlaması, eyni zamanda idarə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin davamı olaraq Corc Vaşinqton Universitetinin  hüquq fakültəsində  cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda ikigünlük təlim təşkil edilib. Təlimlərdə həmin universitetin professorları  Jack Smitt və Thomas  Lasicin mühazirələri böyük maraqla qarşılanıb.

SEYMUR





22/06/12    Çap et