Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda zəlzələ ehtimalını müəyyənləşdirmək üçün GPS tədqiqatları aparılır
ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, AMEA Rəyasət Heyətində ölkə ərazisinin müasir geodinamik vəziyyətin müzakirəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə ABŞ və Azərbaycan alimlərinin Kür ovalığının şimalında (Böyük Qafqaz sıra dağlarının cənub yamacında) və Abşeron yarımadasının cənubunda yer qabığının deformasiyaya uğradığını müşahidə etdiklərini deyib.
Onun sözlərinə görə, AMEA Geologiya İnstitutu ilə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu (MTİ) 1998-ci ildən başladıqları kosmik tədqiqatların hazırkı mərhələsində belə qənaətə gəliblər ki, qeyd edilən ərazilərdə böyük gərginlik toplanır.
GPS (kosmik yer təyinetmə sistemi) vasitəsi ilə aparılan tədqiqatların əsas məqsədi Azərbaycan ərazisinin müasir geodinamik şəraitini və zəlzələ ehtimalını müəyyənləşdirməkdir. Tədqiqatların məsul icraçıları MTİ-nin professoru Robert Reylinger və Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirovdur.
Azərbaycan ərazisində bu geodinamik vəziyyət Geologiya İnstitutu, MTİ, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi və digər aidiyyəti təşkilatların mütəxəssisləri ilə də müzakirə edilib. Həmin müzakirələrdə tarixən seysmik cəhətdən aktiv region olan Qafqazın müasir geodinamik şəraitinin mürəkkəbliyi və daim deformasiyalara məruz qaldığı qeyd olunub.
Alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS tədqiqatları ilə müşahidə ediblər ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur: "Odur ki, Azərbaycanın şərqində, daha dəqiq desək, Bakı ətrafında Yer qabığında deformasiya enerjisinin toplanması prosesi müəyyən edilib. Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər".
Amma əhalinin və neft infrastrukturunun sıxlığı, həmçinin geoloji quruluş nəzərə alınarsa, zəif deformasiyaların və orta güclü zəlzələlərin də müəyyən zərərlərə səbəb ola biləcəyi mümkündür: "Bizim 36 CPS tədqiqatları stansiyamız var. Yaponlarda belə stansiyaların sayı minlərlədir. Proqnozlarda dəqiqlik üçün stansiyaların sayının artırılmasına ehtiyac var".
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov Qafqaz və Xəzər dənizinin əhatə etdiyi Yer qabığında baş verən ən son proseslər, həmçinin yaxın gələcək üçün ehtimal olunan geodinamik vəziyyət, aparılan tədqiqatlar barədə ətraflı məlumat verib.
O bildirib ki, Azərbaycanın geodinamik şəraitinin ən son durumu barədə "Springer" nəşriyyatının dünya nüfuzlu "Natural Hazard" elmi jurnalında "Kinematics of the Caucasus near Baku, Azerbaijan" (Şərqi Qafqaz, Bakı ətrafının kinematikası) adlı məqalədə dərc edilib. Məqalənin müəllifləri Azərbaycan və ABŞ alimləridir. Onlardan R.Reylinger və digər amerikalı mütəxəssis Mayk Floyd MTİ-nin xəbərlər saytına mövzu barədə müsahibə vermişlər.
"Təəssüf ki, burada deyilənlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində yanlış şərh edilib və ölkədə güclü zəlzələnin gözlənildiyi bildirilib. Halbuki, həmin müsahibədə aydın şəkildə yazılıb: "It doesn’t take a gigantic earthquake". Yəni "bu, çox güclü zəlzələnin baş verəcəyi demək deyil". Bu isə əhali arasında həyəcana və elm cəmiyyətinin narazılığına səbəb olub".
F.Qədirov qeyd edib ki, həmin məqalədə müəlliflər zəlzələ proqnozu vermirlər. Orada sadəcə GPS monitorinqinin nəticələri əsasında Abşeron yarımadası və ətrafında güclü enerjinin toplandığı qeyd edilir. Burada müşahidə edilən gərginliyin zəlzələlərə səbəb olacağını söyləmək bu gün mümkün deyil.
AMEA Geologiya İnstitutunun alimləri məsələ ilə əlaqədar yanlışlığa yol verən yerli KİV-lərə elmi əsaslı hadisələri dəqiq araşdırmağı, məsuliyyətlə təhlil etməyi və cəmiyyətdə təşviş yaratmamağı tövsiyə ediblər.
Həqiqət İSABALAYEVA
22/06/12 Çap et