Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İngilis dilinin tədrisində elektron resurslardan istifadə edənlərin sayı artır
Son illər Azərbaycanda İKT sahəsində çoxsaylı tədbirlər həyata keçirilib. Bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətlərindən biri də təhsil sahəsinin informasiyalaşdırılmasıdır. Hazırda Təhsil Nazirliyi 2005-2007-ci illəri əhatə edən “Ümumtəhsil Məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə Təminatı” və 2008-2012-ci illəri əhatə edən “Təhsil Sisteminin İnformasiyalaşdırılması” üzrə dövlət proqramlarını müvəffəqiyyətlə tətbiq etməkdədir.
Bu proqramların əsas məqsədi təhsilin bütün səviyyələrində müasir İKT alətlərinin tətbiqi və istifadəsini təmin etmək, beləliklə, təhsilin ümumi səviyyəsini yüksəltməkdir. “Mədəd Azəbaycan” təşkilatı İKT-nin uğurlu tətbiqi məqsədilə “British Council” ilə əməkdaşlıq çərçivəsində “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb.
Əsas məqsədi ingilis dilinin tədrisində elektron təhsil resurslarından fəal istifadə edən istifadəçilərin sayını artırmaqdan ibarət olan layihə Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevir şəhərləri olmaqla 5 regionda keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, aprel-may 2012-ci il tarixləri arasında ingilis dilini tədris edən müəllimlər üçün nəzərdə tutulmuş pilot təlimlərdən 114 iştirakçı yararlanıb. Təlim istifadəçilərindən biri olan 20 saylı məktəbin müəlliməsi Minaxanım Turabova təlimlərin səmərəli nəticə verdiyini deyir: “Təlim zamanı bizə tədris prosesində müasir texnologiyalardan istifadə qaydaları öyrədildi. Bu imkanları əyani şəkildə tətbiq etməklə təhsil prosesi daha maraqlı və səmərəli olacaq”.
Digər iştirakçı 54 saylı orta məktəbin müəllimi Asiman Həsənova da elektron resursların tədris prosesinə tətbiqinin sosiallaşma baxımından önəmli olduğuna diqqət çəkib: “Yeni metodlar şagirdlərin qrup şəklində çalışmasını, müəllimlərin həm ölkə daxilində, həm də xaricdəki həmkarları ilə təcrübə mübadiləsini təşviq edir.” Elə həmin tədris müəssisəsinin müəllimi olan Sevda Ələsgərova isə şagirdlərin dərsə həvəslə yanaşmasını, verilən tapşırıqların yerinə yetirilmə keyfiyyətinin artmasında elektron resurslardan istifadənin önəm daşıdığını vurğulayıb.
Təlim iştirakçılarına təhsil sahəsində elektron resurslardan istifadənin şagirdlərin motivasiyasının artırılması, onların diqqətinin mərkəzləşdirilməsi, təhsilin fərdiləşdirilməsi imkanı, şagirdlərin materialı tez və dəqiq məlumat əldə etməklə mənimsəməsi və beləliklə, ümumilikdə dərsin səmərəliliyinin artırılması istiqamətində müsbət tərəfləri haqqında geniş məlumat verilib.
Bu layihə müəllimlərin birgə fəaliyyət vərdişlərinə yiyələnərək, fəal öyrənmə vasitəsilə sosial və rəhbərlik vərdişlərini inkişaf etdirməyə xidmət edən müxtəlif tapşırıqlar vasitəsilə onların yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına xidmət edir.
HƏQİQƏT
25/06/12 Çap et