Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qətərli həmkarı Əli Abbasova söz verdi: “Qarabağda qanunsuz fəaliyyət göstərən mobil operatorla bütün əlaqələrimizi kəsəcəyik”


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Qətərin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə Ali Şurasının baş katibi xanım Hessa əl-Caber ilə görüş keçirilib. Görüşdə Qətərin bir sıra rəsmi şəxsləri və İKT şirkətlərinin rəhbərləri ilə yanaşı, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fahd Jasim al Sani də iştirak edib.

 Qonaqları salamlayan  Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son zamanlar iki ölkə arasında genişlənən münasibətlər çərçivəsində İKT mühüm yer tutur: "Bizim ölkələrin oxşar cəhətləri var. Hər iki ölkə zəngin təbii resurslara malikdir. Həmçinin də hər iki dövlətin apardığı xarici iqtisadi siyasət oxşardır".
Nazir qeyd edib ki,   İKT industriya, regional genişzolaqlı infrastruktur və kosmik fəzanın yaradılması ilə bağlı qarşılıqlı əməkdaşlıq əlaqələrinin  genişləndirilməsi məqsədəuyğundur.


Öz növbəsində Qətərin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə Ali Şurasının baş katibi xanım Hessa əl-Caber bildirib ki, iki ölkə arasında olan oxşarlıqdan istifadə edib əlaqələri daha da genişləndirməyə çalışmaq lazımdır. Onun sözlərinə görə, hər iki ölkənin şirkətləri bir-biri ilə sıx əməkdaşlıq etməlidir: «Hər il Qətərdə İKT sərgisi keçirilir. Bu sərgidə Azərbaycan şirkətlərinin də iştirak etməsini və öz məhsullarını təqdim etməsini istərdik».

Daha sonra nazir Əli Abbasov Azərbaycanın işğal olunmuş ərazilərində "Qarabağ Telecom" mobil operatorunun qeyri-qanuni fəaliyyət göstərdiyini vurğulayaraq deyib ki, o, Qətərin  "Vodafon" mobil operatoru ilə müqavilə bağlayıb. Nazir xahiş edib ki, bu məsələyə yenidən baxılsın və müqavilə dayandırılsın: «Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi şəkildə Qətər XİN-ə bununla bağlı müraciət edib. İstərdim ki, bir həmkar kimi siz də bu məsələyə həssas yanaşasınız».

Öz növbəsində Hessa Əl-Caber də deyib ki, bu məsələ ilə bağlı əvvəlcədən məlumatı olmayıb, ölkəsinə qayıdan kimi bununla bağlı maraqlanacaq: «Bizim şirkətlər ölkəsinin siyasətinə zidd addımlar atmır. Ona görə bildirmək istəyirəm ki, bu məsələni  həll edəcəyik».

SEYMUR






25/06/12    Çap et