Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur sosial şəbəkədə post dəyişikliyi edilib


“Facebook”un əməliyyat direktoru Şeril Sendberq şirkətin Direktorlar şurasına təyin edilmiş ilk qadın olub. “Facebook”un qurucusu Mark Zukerberqin sözlərinə görə, Şeril son illər ərzində şirkətin inkişaf etməsinə səbəb olmuş əsas şəxslərdən biri olub. "Şeril bizim missiyamızı və məqsədimizi yaxşı başa düşür, buna görə də onun Direktorlar şurasına təyin olunmasını təbii addım hesab edirik" - Zukerberq bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “Facebook”un Direktorlar şurasına Sendberqdən savayı, həmçinin Mark Zukerberq, “Washington Post”-dan Donald Qrem, Mark Andressin, “Accel Partners”-ın idarəedici direktoru Cim Breyer, investor Piter Til, “Netflix”-in baş direktoru Rid Hastinq,  Şimali Karolina Universitetinin rektoru Erskin Bouls daxildir.

“Catalyst”-in statistik məlumatlarına əsasən, hazırda “Fortune 500” siyahısına daxil edilmiş şirkətlərin yalnız 11 faizinin Direktorlar şurası bütünlüklə kişilərdən ibarətdir. Məlumat üçün bildirək ki, Şeril Sendberq “Facebook”a 2008-ci ildə “Google”-dan keçib.
 
EMİL




27/06/12    Çap et