Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika fənnini ibtidai sinif müəllimi apara bilər?


İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənətdərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir.

Amma kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlər arasında dərs bölgüsü Nazirlər Kabinetinin “Təhsil muəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına uyğun aparılmaqla vakant yerlər müəyyənləşdirilir.

Dərs bölgüsü aparılarkən ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür.

Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü (ümumi təhsil müəssisələri və peşə liseyləri üçün həftəlik 6-11 saatadək) vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim olunur.

Kadr çatışmazlığı olduğu hallarda yaranmış vəziyyətin tənzimlənməsi üçün mövcud qaydalara uyğun, yeni müəllim təyinatı həyata keçirilənədək əmək qanunvericiliyinin tələbləri gözlənilməklə saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla digər təhsil müəssisələrindən ixtisaslı müəllimlər cəlb oluna bilər.
 
 
HƏQİQƏT






27/06/12    Çap et