Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA institutlarında informasiya texnologiyaları sektorlarının yaradılması e-elmin formalaşmasına dəstəkdir
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
İclasda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektorunun yaradılması məsələsinə münasibət bildirən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev AMEA institutlarında bir qayda olaraq müvafiq informasiya texnologiyaları sektorlarının yaradılmasının zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, bu kimi sektorların yaradılması ölkəmizdə e-elmin formalaşmasına dəstəkdir: “Elmi qurumlarda idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək, istiqamətləndirmək, ümumdünya elektron informasiya məkanına inteqrasiya məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun yenidən qurulması aktual məsələ kimi AMEA-nın qarşısında durur”. Alim sözügedən məsələ ilə bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun AMEA-nın digər elmi qurumları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
HƏQİQƏT
28/06/12 Çap et