Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya təhlükəsizliyi insidentlərinin növləri analiz edilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev və həmin institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “İnformasiya təhlükəsizliyi insidentləri” kitabı işıq üzü görüb.
“İnformasiya Texnologiyaları” nəşriyyatı tərəfindən çapdan çıxmış kitabda informasiya təhlükəsizliyi insidentlərini cavablandırma komandalarının (Computer Emergency Responce Team, CERT) təşkilinə və fəaliyyətinə müasir yanaşmalar öz əksini tapıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib.
Akademiyadan qeyd edilib ki, nəşrdə informasiya təhlükəsizliyi insidentlərinin növləri, insidentləri cavablandırma servisləri və insidentləri cavablandırma prosedurları analiz edilib: Burada CERT komandalarının növləri, onların təşkilati modelləri və strukturları, komanda üzvlərinə yönəldilən peşə və şəxsi keyfiyyət tələbləri, komanda heyətinin təlimi məsələləri ətraflı nəzərdən keçirilir. CERT komandalarının tarixi, bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumların məqsədləri, funksiyaları və onlara üzvlük prosedurları haqqında ətraflı məlumat verilir”.
Nəşr informasiya təhlükəsizliyi üzrə mütəxəssislər və bu sahədə ixtisaslaşan tələbələr, aspirantlar, elmi tədqiqat aparan şəxslər üçün nəzərdə tutulub. AMEA İnformasiya Texnologiyaları İnstitutu Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitabın elmi redaktoru institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovdur.
HƏQİQƏT
28/06/12 Çap et