Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri Azərbaycanla birgə əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib


YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust və İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi Təhsil Nazirliyində olublar.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qonaqlarla keçirilən görüşdə təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil sistemi haqqında geniş məlumat verib. M.Mərdanov Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu sahə üzrə həyata keçirilən irimiqyaslı layihələr, aparılan islahatlar barədə danışıb.

Nazir ölkə prezidentinin təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi qeyd edib və dövlət başçısının neft kapitalının ölkədə insan potensialının inkişafına yönəldilməsi strategiyasının yerinə yetirilməsi üzrə atılan addımlardan bəhs edib. M.Mərdanov ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin prioritet sahə olduğunu vurğulayıb.

Son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində mühüm işlər görüldüyünü nəzərə çatdıran təhsil naziri müəllimlərin müvafiq texnologiyalardan istifadəsi üzrə treninqlər keçirildiyindən bəhs edib.

Daha sonra Misir Mərdanov Təhsil Nazirliyinin YUNİSEF və YUNESKO ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə reallaşdırılan tədbirlərdən danışıb. Nazir təhsil sahəsinin inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti haqqında məlumat verib.

İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi Liviyada və digər ərəb ölkələrində təhsilin vəziyyətindən söz açıb.

YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust İsveçrənin orta məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vəziyyəti, bu sahədə əldə olunan uğurlar barədə nazirə məlumat verib. Qonaq, həmçinin İsveçrənin müvafiq istiqamətdəki təcrübəsindən danışıb, birgə əməkdaşlığın yaradılması üzrə təkliflərlə çıxış edib.Görüşdə tərəflər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
Həqiqət İSABALAYEVA





29/06/12    Çap et