Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sahibkarlar üçün xüsusi proqram təminatından istifadə mövzusunda distant təlim keçirilib


İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə" mövzusunda növbəti distant təlim keçirilib.

Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan treninqdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təlimdə biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və "SWOT" təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin "www.bbtc.az" saytının elanlar bölməsində yerləşdirilir. Arzu edənlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.
 
HƏQİQƏT





30/06/12    Çap et