Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” Elm Kompyuter Şəbəkəsinin İdarəetmə Şurasının növbəti iclası keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet” Elm Kompyuter Şəbəkəsinin (EKŞ) İdarəetmə Şurasının növbəti iclası keçirilib.
 
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “AzScienceNet”-in fəaliyyətinin təşkil olunması istiqamətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünya təcrübəsinin öyrənilməsinin vacibliyini önə çəkib. E-elm proqramının tələblərinə müvafiq olaraq “AzScienceNet”-in “Eduroam”, “Cloud computing”, “Grid” və “Content providing” kimi xidmətlərinin təşkilinə dair kompleks işlərin həyata keçirilməsinə dair tövsiyələrini bildirib.
 
Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə cəmiyyətin informasiya azadlığını təmin edən yüksək imkanlara malik informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunan infrastrukturun formalaşması prosesinin getdiyini vurğulayan alim biliklər cəmiyyətinin qurulmasında yaxından iştirak edən AMEA İTİ-də yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığını qeyd edib.
 
Alim 24-25 may tarixlərdə Reykyavik şəhərində Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası (TERENA – Trans-European Research and Education Networking Accociation) Baş Assambleyasının 37-ci toplantısında müzakirə olunan məsələlər haqqında maraqlı açıqlamalar edib.

Gənc mütəxəssislərə dünya təcrübəsindən bəhrələnərək “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın tələblərinə müvafiq elmi problemlər üzərində araşdırmaların aparılması, yeni biliklərin əldə olunması istiqamətində tövsiyələr verib.
 
“AzScienceNet”-in İdarəetmə Şurasının ümumakademiya səviyyəsində elmi-praktiki seminarların keçirilməsinin əhəmiyyətindən danışıb.
 
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov “AzScienceNet” EKŞ-nin 2012-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planı üzrə hesabat verərək mövcud vəziyyət, inkişaf perspektivləri, maddi-texniki bazasının gücləndirilməsi, veb-saytının yaradılması ilə bağlı görülən işlərdən söhbət açıb.

AMEA korporativ şəbəkəsi əsasında “AzScienceNet” şəbəkəsinin yaradılaraq inkişaf etdirilməsinin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”-dan irəli gələn tapşırıqların həlli çərçivəsində həyata keçirildiyini vurğulayıb.

Bildirib ki, ölkəmizdə e-elm layihəsinin bərqərar olması, dünyanın elmi şəbəkə qurumlarına inteqrasiya proseslərinin təşkili institutun qarşısında duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə mərhələli şəkildə kompleks işlər həyata keçirilir. E-elmin inkişafında mühüm rol oynayan “AzScienceNet” AMEA-nın institut və təşkilatlarını zəruri şəbəkə xidmətləri ilə təmin edir.
 
Yeni xidmətlərin təşkili, ölkə üzrə infrastrukturun yaradılması, beynəlxalq şəbəkə infrastrukturlarına inteqrasiyası və fasiləsiz fəaliyyətin təmin edilməsi məsələlərindən söhbət açan alim şəbəkənin istismarı və texniki imkanlarının artırılması, beynəlxalq standartlara müvafiq inkişaf perspektivləri ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Bildirib ki, hazırda institutda “AzScienceNet”-in veb-saytının, şəbəkə istifadəçilərinin kompyuterləri üçün vahid verilənlər bazası əsasında reyestr sisteminin yaradılması, videokonfrans sisteminin təşkili ilə bağlı işlər həyata keçirilir. “AzScienceNet” EKŞ-nin keyfiyyət göstəricilərinə və informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinə operativ nəzarəti həyata keçirmək üçün “Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti” yaradılıb.

Şəbəkədə baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu insidentlər haqqında məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin yaradılması məqsədilə AZ-CERT qurumu, o cümlədən mərkəzləşdirilmiş antispam və antivirus servisləri təşkil edilir.
 
R.Ələkbərov AMEA-nın elmi işçilərinin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında qurulması məqsədlərinə xidmət edən Verilənlərin Emalı Mərkəzinin (Data Center) mövcud vəziyyəti, istismarı və texniki imkanlarının artırılması istiqamətində görülən işlər haqqında da məlumat verib.

Yeni biliklərin əldə edilməsi və inteqrasiyası, eləcə də elmi tədqiqatların beynəlxalq tələblər səviyyəsində aparılmasında elektron elmin şəbəkə platforması olan “AzScienceNet”-in yaratdığı geniş imkanlardan söhbət açdı, kommersiyalaşdırma, internet-kafelərin təşkili ilə bağlı maraqlı açıqlamalar verib.
 
AMEA-nın 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tamhüquqlu üzvü seçildikdən sonra “AzScienceNet”-in YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alındığını qeyd edən institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev TERENA və onun ayrı-ayrı qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışdı.

Türkiyənin Ulusal Akademik Ağ (ULAKNET) və Bilgi Mərkəzi (ULAKBİM) ilə əməkdaşlıq əlaqələrinin qurulmasının inkişaf perspektivləri istiqamətində mühüm addım olduğunu vurğuladı, bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələrdən danışıb.
 
Sektor müdiri Babək Nəbiyev “AzScienceNet” şəbəkəsində AZ-CERT xidmətinin təşkili, mövcud vəziyyəti və həyata keçirilən işlər haqqında məlumat verib. Qlobal informasiya infrastrukturu mühitində informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və cavablandırılması məqsədilə beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 
Sektor müdiri Məmməd Məmmədov “AzScienceNet” şəbəkəsində “Eduroam” xidmətinin təşkili ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verib. “Eduroam” xidmətinin “AzScienceNet” istifadəçilərinin dünyanın istənilən yerindən qlobal internet şəbəkəsinə qoşulmaq imkanı yaratdığını qeyd edən natiq bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin şəbəkələrində “Eduroam” xidmətinin yaradılması və beynəlxalq “Eduroam” şəbəkəsinə qoşulmaq üçün görüləcək işləri nəzərə çatdırıb.
 
Sonda gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi, müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.





30/06/12    Çap et