Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək mümkün oldu


Kapital Bank yeni «Cash by Code» xidmətini istifadəçilərin ixtiyarına verib. Bu xidmət bankın ödəniş kart sahibləri üçün bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək imkanı yaradır. 
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, «Cash by Code» xidmətindən istifadə etmək üçün kart sahibi kartı bankomata daxil edir, menyuda “Cash by code” bölməsini seçir, göndəriləcək məbləği və vəsaiti alan şəxsin mobil telefonunun nömrəsini daxil edir. Bankomat iki hissədən ibarət olan kodu formalaşdırır.

Kodun birinci hissəsi ATM vasitəsilə çap edilir, ikinci hissəsi isə vəsaiti alan şəxsin mobil  telefonuna SMS vasitəsilə göndərilir. Vəsaitin əldə edilməsi üçün kodun hər iki hissəsi bankomata daxil edilməlidir.

Bunun üçün, göndərən şəxs kodun birinci hissəsini vəsaiti alan şəxsə göndərir və alan şəxs heç bir plastik karta ehtiyac olmadan kodu sadəcə bankomata daxil edərək vəsaiti əldə edir. Kod 24 saat ərzində aktiv olur.

Xatırladaq ki, hazırda respublika üzrə Kapital Bankın 450 bankomatı var. Hansı regionda yerləşməsindən asılı olmayaraq bu bankomatların hər birində «Cash by code» xidmətindən istifadə etmək mümkündür.
Yeni xidmət növü haqqında daha ətraflı məlumatı “www.kapitalbank.az” saytından və ya 196 nömrəli müştəri xidmətindən almaq olar.

CAHANGİR





30/06/12    Çap et