Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet provayderlər regionlarda daha geniş xidmətlər təklif edə biləcək
Paytaxtda fəaliyyət göstərən internet provayderlər regionlarda qurulan müasir şəbəkə üzərindən bütün xidmətlərini təşkil edə biləcəklər. Bu barədə “Aztelekom”İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev açıqlama verib. Onun sözlərinə görə, hazırda bəzi provayderlər regionlarda internetin inkişafı konsepsiyasına uyğun olaraq kəndlərə optik kabel xətlərinin çəkilməsində iştirak edir.
“Layihə uğurla davam edir. Bütün Azərbaycan ərazisində genişzolaqlı xidmətlərə tələbat var. Əgər provayderlər bu və ya digər rayonlarda, o cümlədən uzaq ərazilərdə müəyyən sayda potensial istifadəçiləri cəlb etsələr, bu, onların daimi gəlir mənbəyi olacaq”- deyə Z.Vəliyev qeyd edib.
Qeyd edək ki, Aztelekom" öz növbəsində, internet xidmətləri təqdim edən şirkətlərə eksklüziv hüquqlar verməyə hazırdır. Məsələn, provayderlərin trafikini sonuncu təyinat məntəqəsinə çatdırmaq, texniki dəstək və s.
İstehsalat Birliyi tərəfindən provayderlərə təqdim edilən müəyyən xidmətlər pulsuz olacaq, bəziləri isə güzəştli qiymətlərlə təklif ediləcək. Nəticədə bütün bunlar regional səviyyədə internet-provayderlərə biznesinin inkişafı üçün münasib şərait yaradır.
RƏVAN
02/07/12 Çap et