Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Klassiklərimizin Çexiyada aşkarlanan nadir əlyazmalarının fotosurəti çıxarılaraq Azərbaycana gətirilib


Çexiya Milli Kitabxanasının fondunda ərəb və fars dillərində olan nadir əlyazmalar sırasında klassik Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi və digər şairlərimizin XVII-XVIII əsrlərə aid qiymətli əlyazmaları saxlanılır.

Bu fakt Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun Praqaya səfəri çərçivəsində aşkarlanıb. Belə ki, K.Tahirov Çexiya Milli Kitabxanasının fondunda ərəb və fars dillərində olan nadir əlyazmalarla tanış olarkən sözügedən qiymətli əlyazmaların kitabxananın fondunda olduğunu aşkar edib. Həmin əlyazmaların titul vərəqlərinin və son səhifələrinin fotosurəti çıxarılaraq Azərbaycana gətirilib.

 “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Kitabxanasından (AMK) məlumat verilib. AMK-dən bildirilib ki, səfər zamanı hər iki ölkənin milli kitabxana direktorları arasında əlyazmalar və digər nadir kitabların öyrənilməsi və tədqiqi üzrə mütəxəssislərin göndərilməsi barədə razılıq əldə olunub.

Hal-hazırda Azərbaycan Milli Kitabxanası ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu arasında müvafiq danışıqlar aparılaraq AMK-nın və Əlyazmalar İnstitutunun bir mütəxəssisinin Praqa şəhərinə ezam olunması və Çexiya Milli Kitabxanasının fondunda saxlanılan qiymətli əlyazmaların tam və daha ətraflı tədqiq olunaraq müvafiq məlumatın hazırlanması qərara alınıb.

Eyni zamanda, hər iki ölkənin Milli kitabxanalarının rəhbərləri arasında Çexiya Milli Kitabxanasında qorunan qiymətli əlyazmaların Bakıya gətirilərək, Azərbaycan Milli Kitabxanasının binasında payızda sərginin təşkil olunması barədə razılığa gəlinib: “İnanırıq ki, bu qiymətli materiallar azərbaycanlı alim və mütəxəssisləri yaxından maraqlandıracaq, elmi tədqiqatların aparılmasına yaxından köməklik göstərəcək.

Bir daha xatırladırıq ki, bütün bunlar respublika prezidenti İlham Əliyevin bu ilin aprel ayında Çexiyaya səfəri çərçivəsində hər iki ölkənin Milli kitabxanaları arasında imzalanan qarşılıqlı əməkdaşlıq haqqında Memorandum əsasında və 2008-2013-cü illərdə Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafına dair Dövlət proqramının müvafiq maddəsinin icrasına uyğun olaraq həyata keçirilib”.


HƏQİQƏT





02/07/12    Çap et