Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qətər kosmik sənaye üzrə milli mütəxəssislər hazırlanmasında Azərbaycan təcrübəsindən faydalana bilər”


Qətər Peyk şirkətinin əməliyyat direktoru, сənab Abdulla Əl Küvarinin "İCTnews" elektron xəbər xidmətinə müsahibəsi    
 

Bildiyimiz kimi, bu il həm Qətər, həm də Azərbaycan ilk peykini orbitə  qaldıracaq. Azərbaycanın bu sahədə atdığı addımları necə qiymətləndirərdiniz?

 

İlk olaraq, mən Azərbaycan hökumətinə,  xüsusilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə bizə göstərdikləri diqqətə, qonaqpərvərliyə  görə minnətdarlığımı bildirirəm. Ölkənizdə İKT sahəsi üzrə əldə olunan  nailiyyətləri görməyimizə şadıq. 

 
 "Azərikosmos"da keçirdiyimiz görüşü xüsusi vurğulamaq istərdim. Görüşdə Azərbaycanın peyk layihəsi istiqamətində gördüyü işlər bizdə ciddi maraq oyatdı. Bildiyiniz kimi, peyk sisteminin qurulması üzrə eyni mərhələdəyik. Bu baxımdan bu sahədə birgə əməkdaşlığı və perspektivləri müzakirə etdik.
 
Azərbaycanın kosmik sənaye  üzrə milli mütəxəssislər hazırlaması təqdirəlayiq haldır. Biz də mütəxəssislərimizi Amerika Birləşmiş Ştatlarına (ABŞ) və Asiyaya təlimlərə yollamışıq. Peykimiz də ABŞ-da hazırlanır. Lakin hesab edirəm ki,  sizin milli kadrlar xaricdə daha çox təlimlər keçib. Bu baxımdan, bizim mütəxəssislər qarşılıqlı treninq və kurslara cəlb oluna bilər.
 

Hər iki peykin məlumat mübadiləsi aparması mümkündürmü?

 

Azərbaycan peykinin Qətərdə, Qətərin isə Azərbaycanda stansiyaları ola bilər. Biz əhatə dairəsi üzrə informasiya mübadiləsi də edə bilərik. Misal üçün, Qətər Azərbaycana Yaxın Şərq və Afrika, Azərbaycan isə Asiya qitəsindən məlumatı bizə ötürə bilər. Həmçinin hər iki ölkənin  genişzolaqlı internet, rabitə, televiziya yayımı və sair sahələr  üzrə əməkdaşlıq perspektivləri var.

 

Qətər öz coğrafi mövqeyindən mümkün qədər çox faydalanır. Azərbaycan tərəfi bu sahədə sizdən nə öyrənə bilər?            

  

Bizim yüksək səviyyədə olan münasibətləri nəzərə alsaq, bütün sahələrdə təcrübə mübadiləsi aparmaq üçün münbit şərait mövcuddur. Qətərin əhalisi  iki milyona yaxın olsa da, dünyada 80 milyon insan yerli rabitə şirkətinin xidmətindən istifadə edir. Sevindirici haldır ki, indi iki ölkə arasında birbaşa təyyarə uçuşları da var. Bütün bunlar təcrübə mübadiləsinə öz müsbət töhfəsini verəcək.






02/07/12    Çap et