Argentinanın məşhur internet portalı ölkəmizin iqtisadi uğurlarından bəhs edib
Argentinanın məşhur “La Politica Online” analitik informasiya portalında Azərbaycanın iqtisadi uğurlarından söz açan məqalə dərc olunub.
Ölkəmizin son illərdəki iqtisadi inkişafının təqdim olunduğu məqalədə Azərbaycanın timsalında iqtisadi artıma ziyan vermədən inflyasiyaya qarşı mübarizə imkanlarından danışılır.
Bildirilir ki, Azərbaycanda iqtisadi artım 10 il ərzində orta hesabla 11 faiz təşkil etmiş, dünyanın maliyyə böhranı içində olduğu son üç ildə isə 8 faiz təşkil etmişdir. Məqalədə qeyd edilir ki, Dünya Bankının informasiyasına görə, 1994-cü il üçün 1385 faiz təşkil edən inflyasiya səviyyəsi 2008-ci ildə 27 faizə düşmüş, 2012-ci ilin proqnozlarına görə isə 1,8 faizdən çox olmayacaqdır
Məqalədə deyilir: “Çinin sürəti ilə inkişaf edən bu ölkədə inflyasiyanın səviyyəsi iki faizdən azdır”.
Məqalədə o da vurğulanır ki, inkişaf prosesində ölkədə 900 min iş yeri açılmış, birbaşa xarici investisiyaların orta illik artımı 5,2 faiz təşkil edir. Bundan əlavə, xarici ticarətdə müsbət saldonun, 29 milyard ABŞ dolları həcmində valyuta ehtiyatlarının olduğu qeyd olunmuşdur ki, bu da ölkənin ümumi maliyyə fondunun 60 faizinə bərabərdir. 2010-cu ildə xarici ticarət 34 faiz, bank aktivləri 25 faiz artmışdır.
Xüsusi vurğulanır ki, bütün bu inkişaf Ermənistanın hərbi təcavüzü fonunda baş verir.
Məqalədə qeyd edilir ki, Azərbaycanın bazar iqtisadiyyatına keçməsinə baxmayaraq, ölkədə Dövlət Neft Şirkəti saxlanılıb. Son illər iri qaz yataqları aşkar edilib. Məqalədə Azərbaycanın sərmayələrdən başqa böyük gəlir götürdüyü, aqrar sahəyə kredit və subsidiyalar ayırdığı da diqqətə çatdırılır.
Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə oxumaq olar:
http://www.lapoliticaonline.com