Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Attestat qiymətləri TQDK tərəfindən abituriyentlərin elektron ərizə formasına avtomatik yerləşdiriləcək
Ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən onların elektron ərizə formasına avtomatik olaraq yerləşdiriləcək.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-də təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdisə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müvafiq qaydada çıxarılır. Belə ki, buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası çıxarılır. Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi isə aparılmır.
Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir: “Elektron şəhadətnamə və ya elektron attestat dövlət nümunəli sənədin verilməsi üçün əsasdır”. Bununla da Azərbaycanda ilk dəfə olaraq elektron attestat və elektron şəhadətnamələr bazası yaradılır. Komissiyadan qeyd edilib ki, bu da ölkəmizdə sənədlərin elektron dövriyyəsi sisteminə böyük töhfədir.
HƏQİQƏT
03/07/12 Çap et