Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərsu” tərəfindən reallaşdırılan layihələrin icrasında ən son texnologiyalar tətbiq olunacaq
Hidrotexniki qurğuların tikintisi zamanı ən son texnologiyanın tətbiqi, su təchizatı və kanalizasiya sistemlərinin müasir üsullarla idarə olunması, içməli su və çirkab suların laborator analizlərinin beynəlxalq standartlara uyğun aparılması üçün gənc mütəxəssislərə böyük ehtiyac var.
Bakıda və regionlarda reallaşdırılan layihələrin icrasında ən son texnologiyaların tətbiq olunması məqsəd kimi qarşıya qoyulub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, gənc mütəxəssislərə tələbatı nəzərə alaraq, onların işə cəlbi, qabaqcıl təcrübənin öyrənilməsi üçün gənc mütəxəssislərin xaricdə təlimlərə göndərilməsi nəzərdə tutulur. Artıq iyul ayının əvvəllərində bu mütəxəssislərdən təşkil olunmuş 20 nəfərlik ilk qrup Türkiyəyə ezam olunacaq.
Bundan başqa, Almaniya şirkətləri ilə də danışıqlar aparılır və payız aylarında gənc mütəxəssislərin bir qismi Ştutqart şəhərində təcrübə mübadiləsi keçəcəklər: “Yerli kadrların Ştutqart şəhərində “RBC Wave Gmbh” şirkətində təlim keçmələri ilə bağlı ilkin danışıqlar davam etdirilir. Artıq sentyabr-oktyabr aylarında 10 nəfərlik ilk qrup təlimlərə başlaya biləcək.
50 ildən artıq su təchizatı və kanalizasiya xidmətləri sahəsində ixtisaslaşmış “RBC Wave Gmbh” şirkəti tərəfindən azərbaycanlı mütəxəssislərə emal və istismar prosesində ən son texnoloji avadanlıqlarla təlimlər keçiriləcək. Növbəti mərhələdə almaniyalı mütəxəssislər təlim keçmək üçün Bakıya gələcək və bu zaman ilk qrupda təmsil olunan mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq. Ümumiyyətlə, gənc mütəxəssislərin təcrübəli kadr kimi yetişməsi, eləcə də kadr potensialının gücləndirilməsi üçün onların hər birinin bu proqramlarda iştirakı nəzərdə tutulur”.
HƏQİQƏT
03/07/12 Çap et