Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hökumət Ödəniş Portalı” fəaliyyətini genişləndirir
Azərbaycan Mərkəzi Bankında “Hökumət Ödəniş Portalı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Layihə üzrə işlərin icrasının davamı olaraq Dövlət Sosial Müdafiə Fondunun daxili informasiya sisteminin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunması uğurla başa çatdırılıb.
Bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlərin ödənişlərinin “Hökumət Ödəniş Portalı”nın infrastruktur imkanlarından istifadə edilməklə qəbul edilməsinə başlanılıb.
Hal-hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt, Abşeron, Gəncə, Ağcabədi, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan, Xaçmaz və Yevlax regionları üzrə 125 minə yaxın sığortaedən haqqında məlumat sistemi mərkəzi informasiya bazasına yüklənib. Digər regionlar üzrə ödənişlərin qəbul edilməsi həmin regionlarda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən mərkəzləşdirilmiş xəzinə hesabının tətbiq edilməsi ilə paralel olaraq davam etdiriləcək.
Yaradılmış imkan nəticəsində yuxarıda qeyd olunan regionlarda qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər ödənişlərini 41 bankın və “Azərpoçt” MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin internet səhifəsində (www.apus.az) ödəniş kartları vasitəsilə apara bilərlər.
Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və digər hökumət qurumlarının da daxili informasiya sistemləri “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunacaq.
RƏVAN
03/07/12 Çap et