Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mozilla” şirkəti “Firefox OS”-u təqdim edib
“Mozilla” şirkəti əvvəllər “Boot To Gecko” kodlu ad ilə tanınan mobil əməliyyat sistemini rəsmən nümayiş etdirib. Ucuz smartfonlar üçün nəzərdə tutulan açıq platformanın final versiyası “Firefox OS” adlandırılır. Yeni əməliyyat sistemi əsasında işləyəcək qurğular inkişaf etməkdə olan bazarlara yönələcək.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, brauzer əməliyyat sistemi “HTML5”, “JavaScript” və “CSS3” üzərində qurulub. Platforma veb-əlavələrlə işləmək üçün yararlıdır. “Firefox”-smartfonların istehsalı ilə ilkin olaraq Çinin “ZTE” şirkəti məşğul olacaq, gələn ilin əvvəlində isə Braziliya bazarına çıxarılacaq.
Əməliyyat sisteminin tərtibatçıları Avropanın əksər operatorlarının, o cümlədən “Deutsche Telekom”, “Telecom Italia” və digərlərinin dəstəyini qazanıb.
Bu səbəbdən “Firefox OS”-un idarəetməsi ilə işləyən smartfonlar Avropa bazarına da çıxarılacaq. Qurğuların texniki xüsusiyyətlərinə gəldikdə, hələlik yalnız onların “Qualcomm” şirkətinin “Snapdragon” aparat platformasına əsaslanması məlumdur.
03/07/12 Çap et