Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Paytaxtın su xətlərinə 1000-dən çox ön ödənişli sayğac quraşdırılıb


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi məqsədi ilə tədbirləri davam etdirir. Satılan suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılmasına başlanılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, smart-kart tipli sayğacların quraşdırılmasına ilkin olaraq Bakı, Abşeron və Sumqayıt Su-kanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə qeyri-əhali qrupu abunəçilərindən başlanılıb. İlkin mərhələdə paytaxtın Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarında   müxtəlif diametrli su xətlərinə 1000-dən çox ön ödənişli sayğac quraşdırılıb.

Növbəti mərhələdə, əhali qrupu üzrə su sərfiyyatı böyük olan ərazilərdə, xüsusilə həyət evlərində, smart-kart tipli sayğaclar quraşdırılacaq: “Türkiyə istehsalı olan həmin sayğacların tətbiqi ilə ödəniş səviyyəsini 100 faizə çatdırmaq mümkün olacaq. İndi istismarda olan mexaniki sayğaclardan fərqli olaraq yeni sayğaclara müdaxilə etmək qeyri-mümkündür və belə hallar baş verərsə, su təchizatı avtomatik dayanacaq.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir”.

ASC-dən qeyd edilib ki, iyunun 20-də prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda smart-kart tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq, su təchizatı və kanalizasiya sektorunda smart-kart tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar verib.
 
HƏQİQƏT





04/07/12    Çap et